Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Smartfonlar xərçəngə səbəb olur? – Yeni elmi araşdırma

  • 2024.03.26 17:00
  • 1007 Baxış
Smartfonlar xərçəngə səbəb olur? –  Yeni elmi araşdırma
Alimlər smartfonların xərçəngə səbəb olması ilə bağlı iddiaları araşdıraraq diqqətəlayiq nəticələr əldə ediblər.

Medicina.az xəbər verir ki, Britaniya və İsveç alimləri mobil telefondan istifadənin xərçəngə səbəb olub-olmaması ilə bağlı geniş araşdırma aparıblar.

17 il ərzində 250 min mobil telefon istifadəçisinin sağlamlıq vəziyyətlərinin təhlil edildiyi elmi araşdırmada mütəxəssislər smartfon istifadəsinin beyin xərçəngi riskini artırmadığını müəyyən ediblər.

Uzun illərdir mobil telefonlardan istifadə edən insanları tədqiq edən Londondakı “Imperial College”in və İsveçin Karolinska İnstitutunun alimləri iştirakçıları diqqətlə araşdırıb və onların məlumatlarını müntəzəm olaraq yoxlayıblar.

Mobil telefonların yaratdığı elektromaqnit dalğalarının beyin xərçənginə səbəb olduğu fikrini təkzib edən araşdırmada xəstəliklə smartfonlardan istifadə arasında heç bir əlaqə olmadığına diqqət çəkilib. Belə ki, smatfonlarla ən çox vaxt keçirən insanlarda beyin şişi yaranma nisbətinin mobil telefondan çox az istifadə edənlərdən əhəmiyyətli dərəcədə fərqlənmədiyi anlaşılıb.

Araşdırmanı aparan professor Mirey Toledano nəticələrin sevindirici olduğunu bildirib.

"Yeni telefonlar daha az təsirli elektromaqnit sahələri yaradır və insanlar indi mobil telefonlarından daha çox sosial media, videozənglər, internetdə axtarış üçün istifadə edirlər, onları başlarından uzaq tuturlar", - Toledano qeyd edib.

Araşdırmada iştirak edən professor Pol Eliott isə deyib:

“Bu, dünyada aparılan çoxmillətli ən böyük tədqiqatdır. Uzun müddətli və ya intensiv smartfon istifadəsinin beyin şişi riskini artırdığına dair heç bir dəlil tapmadıq”.

Qeyd edək ki, komandanın araşdırması “Environment International” jurnalında dərc olunub.


Aysel