Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Siyasətçi kişilərin intihar etməsinə qadınların səbəb olduğunu İDDİA ETDİ

  • 2024.07.17 20:02
  • 808 Baxış
Siyasətçi kişilərin intihar etməsinə qadınların səbəb olduğunu  İDDİA ETDİ
Cənubi koreyalı siyasətçi Kim Ki-Duk kişi intiharlarının sayının artmasına görə qadınları günahlandırıb.

Medicina.az xəbər verir ki, o, qadınların cəmiyyətdə getdikcə “dominant” rolunun güclənməsinin kişi intiharlarının artmasında rol oynadığını iddia edib.

Demokrat partiyasının, eyni zamanda Seul şəhər şurasının üzvü Kim Ki-Dukun sözlərinə görə, qadınların illər ərzində iş həyatında artan iştirakı kişilərin iş, eləcə də onlarla evlənmək istəyən qadınlar tapmasını çətinləşdirib.

Siyasətçi bu sözləri Seulun Han çayı boyunca intihara cəhdlərin statistikasını təhlil edərkən səsləndirib.

O, qeyd edib ki, şəhər şurasının rəsmi saytında dərc edilən hesabatda çay boyunca intihara cəhdlərin sayının 2018-ci ildəki 430-dan 2023-cü ildə 1035-ə çatdığı, öz həyatına qəsd etməyə cəhd edənlər arasında kişilərin nisbətinin isə 67%-dən 77%-ə yüksəldiyi qeyd olunub.

Siyasətçi bu açıqlamalara görə sərt tənqidlərlə üzləşib.

Ekspertlər Cənubi Koreyanın dünyanın zəngin ölkələri arasında ən yüksək intihar nisbətinə malik olduğunu bildirirlər. Ölkə, həmçinin gender bərabərliyi üzrə ən pis nəticələrdən birinə malikdir. Məsələn, Cənubi Koreyada qadınlar kişilərdən orta hesabla 29% az maaş alırlar.

İntiharın qarşısının alınması üzrə ekspertlər cənab Kimin hesabatından narahat olduqlarını bildiriblər.

Seul Yonsey Universitetinin professoru Sonq İn Han “BBC”yə bunları deyib: “Kifayət qədər sübut olmadan belə iddialar irəli sürmək təhlükəlidir və ağılsızlıqdır”.

O, dünyada kişilərin daha çox qadın canı aldığını xatırladıb. Professor əlavə edib ki, Seulda intihara cəhd edən kişilərin sayının kəskin artmasının səbəbləri elmi şəkildə araşdırılmalıdır və şura üzvünün cinsiyyətçi açıqlama verməsi "çox kədərlidir".

Xatırladaq ki, son illərdə Cənubi Koreyada gənc oğlanların rəhbərlik etdiyi anti-feminist hərəkat yüksəlməkdədir.


Aysel