20 gün əvvəl 33 yaşı bacısı Valeriya sirkə içərək zəhərləndiyindən yerli xəstəxanaya aparılan Nataliya Petuxovaya bacısının öldüyünü xəbər veriblər. Hadisə Rusiyanın Abakan vilayətində baş verib.
Meyiti götürmək üçün xəstəxanaya getdikdə, imza çəkməsi üçün verilən sənəddə gördükləri onu şoka salır. Kağızda xəstənin yeni koronavirus infeksiyasından öldüyü yazılmışdı.
Medicina.az xəbər verir ki, Morqun rəhbəri ailə üzvü kimi Nataliyadan bu sənədə imza çəkməsini tələb edir, əks təqdirdə dəfnə icazə verilməyəcək.
“Mənim bacım yarım ay əvvəl sirkə içmişdi. Onu reanimasiyaya yerləşdirdilər, hətta qida borusu yandığı üçün əməliyyat da etdilər. Vəziyyəti ağır idi. Ölüm xəbərini eşidən kimi meyitini götürmək üçün gəlmişəm. Morqda mənə meyiti vermirlər. Ancaq bu sənədə qol çəkəndən sonra çıxaracaqlar. Deyirlər, meyiti xlorlayıb, sellofana büküb,əşyalarını da üzərinə qoyaraq, bağlı tabutda xüsusi yerdə dəfn edəcəyik. Burda isə yazılıb bacım yeni koronavirusdan ölüb. Sirkə hara, koronavirus hara. Mənə dəqiq heç nə demirlər”
Abakan xəstəxanası hazırda koronavirusa görə karantinə bağlanıb. Ölən şəxsin öncədən koronavirus testinin və meyitin müayinəsinin sənədi də ailəsinə təqdim olunmur.
Xəstəxananın tibbi eksperti Roman Oqnerubov meyitin dəfn üçün ailəsinə verilməməsinin və sənəddə koronavirus yazılmasının səbəblərini belə açıqlayıb:
“Həmin xəstə 15 gündür karantinə bağlanmış və daxilində çox sayda yoluxmuş xəstə olan tibb müəssisəsində vəfat edib. Ola bilər, o öncədən ayrı diaqnozla bura gətirilib. Amma biz onun meyitini ailəsinə əvvəki qaydada verə bilmərik. Bu onlar üçün böyük riskdir.
Biz bu xəstəxanadan çıxan hər bir meyiti koronavirus xəstəsində həyata keçiriləcək gigiyenik təhlükəsizlik qaydalarına ciddi əməl etməklə sanitar işçilərin müşayiəti ilə dəfn etməliyik.
Bu xəstələr xəstəxanada koronavirus daşıyıcıları ilə kontaktda olub. Xəstənin bacısına verilən o sənəd diaqnoz kağızı deyil. Sadəcə meyitin koronaviruslu xəstənin dəfni şərtlərinə əməl olunaraq dəfn edilməsi üçün lazımdır ki, prosesual olaraq qaydalara əməl olunsun”.
Nataliya Petuxova məsələ ilə bağlı polisə ərizə verib. Amma yenə də onun bacısı ciddi qaydada, bağlı tabutda, sanitarlar tərəfindən dəfn ediləcək. Ailə üzvləri məsafəni gözləməklə qəbristanlıqda dayanıb prosesi izləyə bilərlər.