Bəzən havanın isti olmasına baxmayaraq, ayaq barmaqlarının üşüdüyünü hiss edir və ya ayağınız bir yerə dəydikdə uzun müddətə sağalmayan yaralar əmələ gəlir? Bəzən isə çox gəzərkən dincəlməyə ehtiyac duyurunuz? Əgər bu problemlərlə tez-tez qarşılaşırsınızsa və aktiv və ya passiv siqaret istifadəçisinizsə, onda siz buerger xəstəliyindən əziyyət çəkirsiniz.
Buerger xəstəliyi nədir?
Orta və kiçik ölçülü damarların siqaret istifadəsi səbəbindən tıxanması ilə meydana çıxan buerger xəstəliyi damarlarda iltihab və qan laxtasının əmələ gəlməsinə səbəb olur. Əsasən 30-50 yaş arası kişilərdə meydana çıxan bu xəstəlik son zamanlarda qadınlar arasında da yayılıb. Burger xəstəliyi damarların daralması və sonra tamamən tıxanması ilə nəticələnir. Tıxanmış damarlar isə həmin bölgələrdə ciddi fəsadlara gətirib çıxarır.
Əlamətləri:
-Ayaqlarda ağrı,
-Yeriyərkən baldırda yaranan ağrı,
-Tüklərin tökülməsi,
-Ayaqda üşümə,
-Göyərmə,
-Sağalmayan yaralar,
-Ayaqların soyuq olması
Dırnaqlarınızı kəsərkən diqqət edin!
Bu xəstəlik əlamətlərini dırnaqlarda da büruzə verə bilər. Çünki tıxanma nəticəsində kapillyar damarlar tutulduğu üçün dırnaqlarda sağalmayan yaralara və infeksiyaya səbəb olur. Məsələn, dırnağı kəsərkən təsadüfi bir zədə uzun zaman keçməsinə baxmayaraq, sağalmırsa, o zaman həkimə müraciət etməlisiniz. Bundan əlavə əgər barmaqlarınız daima soyuq və göyərmiş vəziyyətdə olursa onda bunu sadəcə olaraq soyuqdan üşümə kimi qəbul etməyin. Çünki bu xəstəlik üstünə düşülmədikcə çox ciddi fəsadlara yol aça bilər.
Buerger xəstəliyi zamanı damarlarda yaranan tıxanma nəticəsində əllərə və ayaqlara gedən qanını miqdarını azaldır. Nəticədə də hətta əl və ayaq barmaqlarının itirilməsi də mümkündür. Xəstəliyin təsirindən sağalmayan yaralar qanqren ilə nəticələnə bilər. Müalicə zamanı ətraf toxumaların qorunması məqsədilə qanqren olan üzvlər kəsilərək kənarlaşdırlmalıdır.
Müalicəsi
Bu xəstəliyin müəyyən edilməsi və müalicəsində xəstələrin üzərinə çox böyük iş düşür. İlk əvvəl siqaret aludəçiləri bədənlərində baş verən bütün dəyişiklikləri müşahidə etməli və yuxarıda sadalanan əlamətlərə biganə qalmamalıdırlar.
Müalicə zamanı qan dövranını bərpa etmək üçün bir sıra prosedurlar həyata keçirilməlidir. Kapillyar damarları genişləndirən və qan laxtalarının əriməsini təmin edərək qanı daha axıcı hala gətirən bəzi dərmanlar tətbiq edilməlidir.
Müalicə zamanı isə ən vacib şərtlərdən biri də siqaretlə birdəfəlik vidalaşmaqdır!
Arzu
Medicina.az