“Vərəm yoluxucu xəstəlikdir. Xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətləri - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahsızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi və qan hayxırmanın olmasıdır”.
"Medicina" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı vəziyyətdən danışıb.
"Xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahsızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi və qan hayxırmanın olmasıdır.
- Risk qrupunda olanlara aiddirlər: İİV ilə yoluxanlar, şəkərli diabet xəstəliyi olan, hemodializ alan xəstələr, kimyaterapiya alan onkoloji xəstələr, hormonal preparatlar qəbul edən, orqan köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, qidalanması, yaşayış şəraiti aşağı səviyyədə olanlar, zərərli vərdişləri (alkoqol, siqaret və narkotik aludəçiləri) və s. olan şəxslər bu xəstəliyə daha çox tutulur. Bu qrup insanları aktiv şəkildə skrininq müayinələrə cəlb etmək lazımdır.
Vərəm xəstəliyi nə qədər erkən aşkar edilib, tez bir zamanda düzgün müalicəyə başlanılarsa, nəticəsi bir o qədər effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6 ay fasiləsiz müalicə olunmalıdır. Bununla yanaşı, müalicə vərəm əleyhinə dərmanlara həssaslığın nəticəsindən asılı olaraq ən azı 4 vərəm əleyhinə preparatla birgə kompleks aparılmalıdır. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.
- Hava-damcı yolu ilə ötürülən infeksiyaya yoluxmadan qorunmaq üçün bir neçə qaydaya əməl etmək lazımdır: başqasının üstünüzə öskürməsinə icazə verməyin, öskürən şəxslə uzun müddət bir yerdə qalmayın, öskürən insan olan yerin havasını imkan daxilində tez-tez dəyişin.
Vərəm mikobakteriyaları günəş şüalarının, yüksək temperaturun və xlor tərkibli maddələrin təsirindən tez məhv olur. Buna görə də otaqların havasını mümkün qədər tez-tez dəyişmək və orada gündə 2-3 dəfə nəm təmizləmə işləri aparmaq, yun və pambıq yorğanları günə vermək vacibdir. Evdə vərəmli xəstə varsa, onun paltarlarını tez-tez günəş şüaları altında sərmək, ütüləmək və evdən kənar yerdə təmizləmək lazımdır. Vərəmli xəstənin yaxınları və qohumları öz sağlamlıqlarını unutmamalıdırlar. Onlar ildə heç olmasa bir dəfə həkim-ftiziatra baş çəkməli, xəstəliyin simptomları yarandıqda isə həkimə təcili müraciət etməlidirlər. Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara da əməl etmək lazımdır:
Gigiyena qaydalarına ciddi riayət edin. Xüsusilə çöldən evə qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, ictimai yerlərdə üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə dəyişin. Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir. Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm infeksiyasına görə risk qrupuna daxildir;
İdmanla məşğul olun, hər gün açıq havada gəzin, Stresli vəziyyətlərdən qaçın. Stres immun sistemini zəiflədir ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait yaradır".
Aygün Musayeva