Bədənin hər hansı hissəsində baş verən sinir sıxılması həyat keyfiyyətinə mənfi təsir göstərir.
Medicina.az xəbər verir ki, Anadolu Sağlamlıq Mərkəzi Beyin və Sinir Cərrahiyyəsi uzmanı Dr. Selçuk Göçmen sinir sıxılması zamanı şikayətlərin adətən uyuşma və ağrı ilə başladığını, daha sonra halsızlıq, əzələ zəifliyinə qədər irəlilədiyini bildirib.
Onun sözlərinə görə, əllərini həddindən artıq istifadə edən insanlarda, xüsusilə 40-60 yaş arası qadınlarda, pianoçularda, bərbərlərdə, kompüter arxasında çox oturanlarda, bankirlərdə, diş həkimlərində, heykəltəraşlarda və ev xanımlarında sinir sıxılması daha çox müşahidə edilir.
"Xəstələr istirahət, reabilitasiya və ya digər müalicələrlə yaxşılaşmazsa və müayinələrdə ciddi sinir sıxılması aşkarlanarsa, cərrahi müdaxilə edilir”, - deyə Selçuk Göçmən vurğulayıb.
Doktor qeyd edib ki, diabet, menopoz, duruş pozğunluqları və ani arıqlama sinirlərin sıxılmasına səbəb olur.
Ən çox görülən sinir sıxılmasının biləkdə meydana gələn karpal tunel sindromu kimi tanınan klinik vəziyyət olduğunu söyləyən Dr. Selçuk Göçmen, bundan əlavə, dirsək sinirinin və dizdəki peroneal sinirin sıxılmasını da çox müşahidə etdiklərini bildirib.
Onun sözlərinə görə, sinir sıxılmasının səbəbləri arasında şəkərli diabet, revmatik xəstəliklər, qalxanabənzər vəzin xəstəlikləri, menopoz, oturma və duruş pozğunluqları, sınıqlar, hamiləlik, piylənmə, ani arıqlama, şiş, oturarkən və uzanarkən təkrarlanan yanlış hərəkətlər də var.
Sinir sıxılması müalicə edilməzsə, gündəlik fəaliyyətlərin çətinləşə biləcəyini və yerimə problemlərinin yarana biləcəyini söyləyən Dr. Selçuk Göçmen xəbərdarlıq edib:
“Əgər sinir sıxılması əldədirsə, xəstələr çanta daşımaq, yazmaq, stəkan tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə ciddi çətinliklər yaşayırlar. Ayaqlarda sinirin şiddətli sıxılması zamanı xəstə normal yeriyə bilmir. Bu, büdrəmək və yıxılmaq, pilləkənləri çıxa bilməmək və ya avtomobil idarə edə bilməmək kimi problemlərə gətirib çıxarır”.
Həkim şiddətli sinir sıxılmasının ancaq əməliyyatla müalicə edilə biləcəyini diqqətə çatdırıb:
“Əməliyyat təxminən 30 dəqiqə çəkir. Yüngül və orta dərəcəli sinir sıxılmalarında isə tətbiq edilən konservativ müalicə sinirdəki təzyiqi aradan qaldırır, müalicədə iltihab əleyhinə dərmanlar da yazıla bilər və ya kortizon iynəsi vurmaq olar”.
Selçuk Göçmen sinir sıxılmasının qarşısını almaq üçün tövsiyələr də verib:
- Əyləşərkən, uzanarkən və ayaq üstə dayanarkən duruşunuza diqqət edin. Uzun müddət yanlış vəziyyətdə qalmayın. Məsələn, uzun müddət ayaqlarınız çarpaz vəziyyətdə oturmayın.
- Ev xanımısınızsa, əl ilə görülən işlərdə təkrarlanan hərəkətlərdən çəkinin.
- Daim klaviatura/siçan istifadə edirsinizsə, biləklərinizi uzun müddət bükülmüş vəziyyətdə saxlamayın.
- Masada və ya başqa yerdə dirsəklərinizə çox yaslanmayın.
- Ağır yük daşımayın.
- Oynaqları və əzələləri güclü saxlamaq üçün müntəzəm olaraq dartınma məşqləri edin.
- Şəkərli diabet, zob və ya revmatoloji xəstəliyiniz varsa, rutin müayinə və müalicələrinə laqeyd yanaşmayın.
Gül