"Sümüyün sağalması, regenerasiyası özü-özünə, bioloji üsullarla baş verir. Bu, təbiətin möcüzəsidir. Bəzi xəstələr insanı çox təəccübləndirir. Mövcud bilgilərimizlə bəzən açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq”.
Medicina.az xəbər verir ki, uzman travmatoloq İdrak Məmmədov müxtəlif sınıq, çıxıqların müalicəsində tibbin yenilikləri barədə kaspi.az-a açıqlama verib.
Həkim sınıq, çıxıq zamanı sınıqçıya getməyin fəsadlarından danışıb.
"Sınıqçı, çıxıqçı, qırıqçı kimi ara həkimlərlə sıx-sıx qarşılaşmasaq da, bizim sahədə ciddi problemdir. Bununla bağlı xatırladığımda, həm güldüyüm, həm də üzüldüyüm hadisələr var. Bir gün valideyn dedi ki, həkim, zəhmət olmasa, uşağa baxın və mənə deyin ki, bunu sınıqçıya aparım, yoxsa siz müalicə edə bilərsiniz? Uşağın vəziyyəti ciddi idi və biz onu əməliyyat etdik. Digər pasiyentim isə mənə zəng etmişdi ki, dünən uşağımın qolu zədələnib, sınıqçıya apardım. Üzərinə yumurta qoydu və bu gün yumurtanı açdıq. Yenidən yumurta qoyaq, yoxsa yox?
Bunları eşitmək dəhşətli idi. Əlbəttə, sınıqçıya getmək fəsad yaradır. Xüsusilə də uşaqlarda dirsək və əl-bilək bölgəsində olan sınıqlarda ciddi problemlər yaranır. Dirsək bölgəsində olan sınıqlar çox mürəkkəb ola bilər. Bəzən əlimizdəki bütün imkanlarla belə, sınığı müəyyənləşdirə bilmək və müalicəsinə qərar verməkdə çətinlik çəkirik. Sümük sındığı anda taleyini yazır. Biz bütün imkanlarımızla bu taleyi dəyişməyə çalışırıq. Sınıqçı bunu necə edə bilər? Təəssüf ki, yüksək təhsil alanların da sınıqçıya getdiyini görürəm.
Bəzi bölgələrdə, kəndlərdə xüsusən də yaşlı nəsil arasında adət-ənənə şəklini alıb. Eyni zamanda maddi səbəbləri də var. Əslində, xəstənin durumunun ciddi olduğunu anlasalar, onu sınıqçıya aparmazlar. Çox vaxt vəziyyətin ciddi olmadığını və sınıqçının da əlçatan olduğunu düşündükləri üçün gedirlər.
Sınıqçılar da həmişə "xoşniyyətli” olur və hamını "sağaldır”. Heç kimi də ağırlıq dərəcəsinə görə geri qaytarmır. Bəzən isə insanlar həqiqəti eşitməkdən qorxduqları üçün sınıqçıya gedirlər. Xəstələr həkimdən hər şeyin yaxşı olacağını eşitmək istəyirlər. Sınıqçılar vəziyyəti böyütmür və həmişə müsbət cavab verir. Təəssüf ki, durumun ciddiyyətini anlamırlar və sonradan o xəstələr bizə müraciət edəndə onların müalicələri ya çətin olur, ya da mümkünsüz. İnsanlar anlamalıdır ki, sınıqçı müalicə etmir.
Ortopediya və travmatologiya geniş, standartlaşdırılması çətin olan ixtisasdır. Sümük, əzələ, oynaq, vətər, ətraflarda sinirlərin xəstəlikləri və travmaları, eyni zamanda, anadangəlmə və qazanılan qüsurlar ilə biz məşğul oluruq. Qarşılaşdığımız xəstəliklər də çoxşaxəlidir. Heç bir travma, sınıq digərinin eynisi deyil. Nəticədə, müalicə metodları da fərqli olur. Bəzən xəstənin sosial-mədəni statusu, yaşı, peşəsinə görə müalicə seçmək məcburiyyətindəyik.
Bəzən isə xəstəyə tətbiq edəcəyimiz hər hansı cihaz və ya implant ölkədə olmur. Bütün bunları ümumiləşdirsək, o anda ən doğru qərarı verə bilmək üçün analitik olmaq lazımdır. Xəstəliyi, xəstəni, öz bacarığını, nəzəri bilgilərini, təcrübəni, texnoloji imkanları, əlində olan materialları eyni anda analiz edib qərarı verməlisən. Bir ortopedistin nəticəsi ən çox onun analizindən və verdiyi qərardan asılıdır. Ortopediyada əməliyyata daxil olduğun zaman həmişə A, B, C planların olur. Bəzən əməliyyat edəcəyin bir xəstə ilə bağlı xəstənin özündən də çox düşünürsən. Amma xəstə bunu heç vaxt bilmir. Sınığın taleyi sındığı anda yazılsa da, sınığın və ya xəstəliyin taleyini dəyişməyə çalışır, çox vaxt buna nail oluruq.
Biz travmatoloqlar sınığı sağaltmırıq. Sınığı anatomik və ona yaxın vəziyyətə gətiririk. Onun bütünlüyünü düzəltməyə çalışır, implantlarla, metallarla yerinə oturduruq. Düzdür, bunu da elmi qaydalarla edirik. Amma sağalma prosesi tam fərqlidir. Bir sınıq, əməliyyat zamanı deyil, tamamilə bitişdikdən sonra sağalır. Sümüyün sağalması, regenerasiyası özü-özünə, bioloji üsullarla baş verir. Bu, təbiətin möcüzəsidir. Düzdür, bu proses elmi yollarla açıqlana bilmədiyi üçün möcüzəvi görünür. Gələcəkdə sağalma prosesi, şübhəsiz ki, elmi yollarla açıqlanacaq. Amma bəzi xəstələr insanı çox təəccübləndirir. Mövcud bilgilərimizlə bəzən açıqlaya bilmədiyimiz nəticələrlə qarşılaşırıq. Mən şəfa verənin Allah olduğuna inanıram. Demək olar ki, hər xəstənin sağalması üçün ən doğru olanı etməyə çalışır, hər xəstəmin şəfasını Allahdan diləyirəm". /kaspi.az/