Bu yol çətin olsa da, ədalətin bərqərar olacağına inanıram.
Həkim-radioloq Aytəkin Haşımova Medicina.az -a müsahibə verib. Həmin müsahibəni təqdim edirik
- Aytəkin xanım, bu gün bəzi media orqanlarında yayılan məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan davamlı tibbi təhsil modeli ilə bağlı layihə artıq aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və Milli Məclisə təqdim olunub. Bilirik ki, həkimlərin sertifikasiyasına qarşı çıxan əsas təşəbbüskar siz olmusunuz. Bu baxımdan sözügedən layihə ilə bağlı fikirləriniz necədir?
- Bəli, məlumatlar doğrudur. Bu xəbəri böyük sevinclə qarşıladım. Həm mediada izlədim, həm də Səhiyyə Nazirliyin məsul əməkdaşı telefon zəngi ilə müjdələdi. Sağ olsun.
Düz üç ildir ki, bu məsələ ilə bağlı mübarizə aparırıq. Mən həkim-radioloq olaraq, bu prosesin başlanğıcında ilk imza toplayanlardan və məsələni rəsmi şəkildə qaldıran şəxslərdən biri olmuşam. Minlərlə həkimin imzasını toplayaraq, həm Səhiyyə Nazirliyinə, həm də Milli Məclisə təqdim etdik. Müraciətlərimiz əsasında Səhiyyə Nazirliyi, parlamentin Səhiyyə Komitəsi və digər aidiyyəti qurumlarla bir çox görüşlər keçirildi.
Xüsusilə cənab nazir Teymur Musayev dəfələrlə məni qəbul etdi və mövzuya diqqətlə yanaşdı. Nəhayət, bu gün bu problemin həllinə doğru atılmış real addımları görmək həm mənim, həm də bu yolda mənə dəstək olan bütün həmkarlarım üçün çox sevindiricidir.
- Bəs bu məsələ ilə məşğul olmağınız sizin praktik fəaliyyətinizə necə təsir etdi?
- Təəssüf ki, bu mübarizə praktik fəaliyyətim baxımından baha başa gəldi. Sertifikasiya imtahanlarına etiraz etdiyim üçün Azərbaycanda həkim kimi rəsmi fəaliyyətimi davam etdirə bilmədim. Amma bu, məni qorxutmurdu. Çünki məqsədim imtahandan qaçmaq deyildi. Sadəcə, bu vacib problemə diqqət çəkmək və tibb işçilərinin ümumi mənafeyini müdafiə etmək istəyirdim. Gənc və savadlı həkimlərimizin ölkəni tərk etməsinin, tibb işçilərinin işsiz qalmasının qarşısını almağın həlli yollarından biri kimi bu sistemin ədalətli şəkildə dəyişdirilməsi idi.
Qeyd etdiniz ki, sertifikasiyaya etiraz etdiyiniz üçün rəsmi olaraq, həkim kimi çalışa bilmədiniz. Bəs, fəaliyyətinizi necə davam etdirdiniz?
- Rəsmi iş yerimdən uzaqlaşdırılsam da, könüllü olaraq fəaliyyətimi davam etdirdim. Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin üzvü kimi şəhid ailələrinə, qazilərə, ehtiyaclı ailələrə, autizmli uşaqlara və valideyn himayəsindən məhrum olanlara xidmət göstərdim. Laçın-Xankəndi yolundakı ekoloji aksiyada ilk gündən son günə qədər və 2023-cü ilin antiterror əməliyyatları zamanı da könüllü həkim kimi iştirak etdim.
Yeri gəlmişən qeyd edim ki, elə bu xidmətlərimə görə Səhiyyə naziri özü məni “Fəxri Fərmanla” təltif edib. Mənim üçün həkimlik sadəcə iş deyil, həyat missiyasıdır.
- Bəs, bundan sonrası üçün hansı planlarınız var?
- Doğrusu, ağ xalatım üçün çox darıxmışam. Ümid edirəm ki, Milli Məclis bu qanun layihəsini təsdiqləyəcək və yenidən qanuni şəkildə praktik fəaliyyətə başlayacağam. Mən səbirsizliklə o günü gözləyirəm. Bu yol çətin olsa da, ədalətin bərqərar olacağına inanıram. Cənab nazir Teymur Musayevə bu məsələdə göstərdiyi həssas münasibətə görə bir daha təşəkkür edirəm.
Arzum budur ki, nazirlik çalışanlardan tutmuş sıravi həkimədək hər kəs Azərbaycan səhiyyəsinin inkişafı üçün çalışsın və bu sahə ən yüksək səviyyəyə yüksəlsin. Bizim bir şüarımız var: sağlam Azərbaycan naminə xidmət edirik!
MEDİCİNA.AZ