Həftə sonu Səhiyyə Nazirliyinin Şəki Şəhər Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatura qatılan Medicina.az bu səfərdə regionlarda səhiyyənin təşkili, müayinə -müalicə, eyni zamanda mövcud problemlər barədə geniş məlumat əldə etdi.
8 aydır ki, Şəkiyə baş həkim təyin olunan Elçin Əmirov jurnalistləri xəstəxananın bütün korpus və şöbələri ilə tanış edərək ətraflı məlumat verdi.
İlk diqqətimizi çəkən məqam xəstəxananın geniş, müasir, Bakıdan geri qalmayan şəraiti və həddən artıq çox xəstənin olması idi. Demək olar, hər şöbədə xəstə növbəsi var idi. Xəstəxanada dedilər ki, onlarda hər gün xəstə axını müşahidə olunur.
Sevindirici haldır ki, Şəki və ətraf rayonların 66 nəfər dializə ehtiyac duyan xəstələrini burda hemodializ şöbəsi qəbul edir və rahat şəkildə ən son metod və aparatlarla müalicə edirlər.
Patohistoloji laboratoriyanın qurucusu şəkili patohistoloq
" Bu qədər Pap- testin içində 1-2 qadının analizi təmiz çıxır”
Son zamanlar geniş yayılan onkoloji xəstəliklərin diaqnostikasında da Şəki mərkəzi xəstəxanası müəyyən işlər görür. Belə ki, rentgen, kompüter tomoqrafiya, USM müayinələrdə istər gənc, istər orta və yaşlı nəsildə müxtəlif orqanlarda xərçəngə şübhəli şiş aşkar olunursa, əlavə müayinələrə cəlb olunur, Milli Onkologiya Mərkəzinə göndərilir. Laboratoriyada qan analizləri alınır.
Xəstəxanada 2011-ci ildən patohistoloji laboratoriyanı qurub yaradan əslən şəkili olan həkim İntiqam Əmrahov bildirdi ki, son illər qadınlarda daha çox süd vəzi, ginekoloji, kişilərdə prostat vəz, mədə-bağırsaq onkologiyası daha çox artıb. Təəssüf ki, hər 10 xəstədən 6-7-sində onkoloji xəstəlik müxtəlif mərhələlərdə aşkarlanır.
6 rayondan xəstə qəbul edən laboratoriyada daha çox Qəbələ və Qax regionundan olan insanlarda onkoloji xəstəliklər aşkarlanır.
Həkim Şəkinin təbiəti və təmiz havasına baxmayaraq, qeyri-sağlam qidalanma və durğun həyat tərzi, hərəkətsizliyi xərçəngin yaranmasının əsas səbəbi kimi göstərir. Ona görə kənddə, şəhərdə yaşamasından asılı olmayaraq, hər bir insan 6 aydan bir müayinələrdən keçməlidir. Bunun üçün Bakıya getməyə ehtiyac yoxdur, Şəkidə hər cür imkan var.
"Ay ərzində 40-50 Pap Test-ə baxırıq. Təbii ki, bu rəqəm azdır. Amma onu qeyd edim ki, bu qədər testin içində yaxma analizi təmiz çıxan qadın cəmi 1-2 nəfər olur. Qalanlarında bu və ya digər viruslar, kandida aşkarlanır. Bu da qadınların vaxtında müayinə olunmaması, maariflənməməsi səbəbindəndir”.
Intiqam Əmrahov Şəki xəstəxanasında gənc kadrlara, patohistoloji həkimlərə ehtiyac olduğunu və burda təkmilləşmək üçün imkanların olduğunu bildirdi.
Rentgen və KT müayinəsi - MRT də olsa yaxşı olardı.
Rentgen müayinəsi kabinetində də kontrast çəkimlərlə ağciyər, mədə-bağırsaq, sümük-əzələ problemlərində dəqiq görüntü əldə olunur. Həkim rentgenoloq magistral yola yaxın olduğu üçün qəzalar səbəbindən rentgenə ehtiyac olan xəstələrin çox olduğunu bildirdi. Həkim şəkililərin sümüklərində kalsium çatışmazlığının da normadan yüksək olduğunu bildirdi. Çox zaman onkoloji xəstəliklər də təsadüfi rentgen çəkimində aşkar edilə bilir.
Radioloji müayinə otağında ən son müasir Kompüter tomoqrafiyası aparatı var, lakin Şəki Şəhər xəstəxanasının MRT aparatına da ehtiyac var. Çünki bu müayinə də çox vacibdir.
Şəki və ətraf regionların əhalisi təsərrüfatla çox məşğul olduğundan ostexondroz, onurğa yırtıqları kimi problemlər daha çox diaqnoz olunur. Döş qəfəsi, ağciyər, süd vəzidə xərçəng aşkarlanması da az deyil.
Hemorragik və işemik insult keçirmiş xəstələr də təcili olaraq KT olunur.
Kompüter tomoqrafiyasıda çalışan radioloqların işi sağlamlığa zərər baxımından riskli olduğundan onların həm maaşı bir qədər fərqlənir, həm də iş saatı azdır. Hazırda xəstəxanada 2 radioloq çalışır.
Duzlu-məzəli oftalmoloq jurnalistləri də müayinə etdi – Əməliyyatdan fotolar
Oftalmoloji bölmədə peşəkar oftalmoloqlar həm müayinə -müalicə aparır, həm də gözdə müxtəlif cərrahi əməliyyyatlar icra edirlər. Mediaturun iştirakçıları fürsətdən istifadə edib göz müayinəsindən keçdilər. Demək olar ki, hər birində peşəsi ilə bağlı yaxından –uzaqdan görmə zəifliyi, astiqmatizm əlamətlərindan şikayətlər var idi.
Şəkinin tanınmış oftalmoloq cərrahı Məmmədova Gülnarə hansı göz xəstəliklərinə daha çox rast gəldiklərindən danışdı:
" Uşaqlarda reflaksiya anomaliyaları, görmə pozğunluqları, yaşlı insanlarda diabetə bağlı ağırlaşmalar, katarakta, qlaukoma aşkar olunur. Qlaukoma əvvəllər axırıncı fazada, gec aşkar olunurdu. Amma insanlar göz həkiminə vaxtında müraciət etdiyindən daha tez aşkarlanıb, erkən diaqnostika onları korluqdan xilas edir. Şəkidə və ətraf regionlarda göz xəstəlikləri və görmə zəifliyi çoxdur. Hələ də kəndlərdə gözü görməyənlər qonşulara, Cənnət xalalara müraciət edir. Onlar da yanlış olaraq deyir ki, qoy yetişsin, əməliyyat olacaqsan, gözün görəcək. Xəstə də o mərhələdə gəlib çıxır ki, artıq əməliyyat da onu xilas etmir. Xəstə nə qədər tez müraciət etsə, biz bu xəstəxanada heç uzağa getmədən onlara müvafiq müalicə və əməliyyat edə bilərik, buna hər bir şəraitimiz var”.
Həkim gün ərzində 100-ə yaxın xəstə qəbul etdiklərini və az sayda həkimlə bu qədər axının qarşısında çatdırmadıqlarını etiraf etdi. Ona görə Şəki Mərkəzi Xəstəxanasına bir neçə oftalmoloq və cərrah da lazımdır. Gənc oftalmoloqlar burda xəstə qıtlığı görməyəcək.
Mediatur çərçivəsində əməliyyat otağında mirvari suyundan əməliyyat olunan 60 yaşlı qadın pasiyenti elə əməliyyat zamanı çəkdik. Əməliyyat ümumi narkozsuz aparıldığından, xəstə həkim və bizimlə ünsiyyət qururdu.
12 cərrahdan geriyə qalan 3 cərrah – Əməliyyatxanada telesəhiyyə
Şəki Mərkəzi Xəstəxanasında hər gün demək olar ki, təcili və planlı əməliyyatlar keçirilir. Əməliyyat otağında telesəhiyyə vasitəsilə birbaşa Bakı ilə bağlanaraq, cərrahlar konsilium aparır. Cərrah Xaliq Yusifov 1994-cü ildən burda çalışan şəkili həkimdir.
" Xəstəxanamızda demək olar ki, transplantatologiyadan başqa bütün daxili orqan əməliyyatları icra edilir. Əməliyyatlar həm açıq, həm də laporoskopik icra olunur.
Əməliyyat çox, xəstə çoxdur, amma biz 3 nəfərik. 2006-cı ildən bura yeni cərrah gəlməyib. Bizdə 6-8 saatlıq iş rejimi yoxdur. Bəzən səhərdən növbəti günün səhərinə kimi xəstəxanada oluruq. Ona görə hava su kimi bizə yeni cərrahlar, travmatoloqlar lazımdır”.
Yenidoğulmuşların xilas mərkəzi – Perinatal Mərkəzdə filtr metodu
Şəki Perinotal mərkəzi 7 rayona xidnət edir. Mərkəz 55 çarpayıdan ibarətdir.
Yenidoğulmuşların intensiv terapiyası şöbəsi fəaliyyət göstərir. Ekstremal az çəkili, ürək qüsurlu, tənəffüs problemləri olan yenidoğulmuşlar bura qəbul olunur.
Mərkəzin direktoru, ginekoloq cərrah Ruziyyə Hüseynova bildirdi ki, artıq 22 həftədən başlayaraq, çəkisi 500 qramdan yuxarı yarımçıq doğulmuşları Bakıya göndərməyə ehtiyac yoxdur. Elə Şəkidəcə qəbul edib, müalicə edirlər.
Mərkəzdə yeni filtr metodu tətbiq olunur.
Gətirilən hamilə qadın əvvəlcə birinci otaqda qəbul olunur, bətndə dölün kardioqrafiyası çəkilir, ana xarici müayinə olunur, sonra digərotaqda daxili ginekoloji müayinə aparılır, elə burdan doğuşa və ya əməliyyata çıxarılır.
Ruziyyə xanım özü şəxsən bütün kəndlərə gedir, hamilələlərin yoxlanması 100% aparılır. Son zamanlar evdə doğuş faktı qeydə alınmayıb. Amma ekstrim şəraitində evdə uşaq dünyaya gələrsə, mama akuşer ambulansla gedərək qadını və körpəni gətirir.
Mərkəzdə keysəriyyə əməliyyatları da aparılır. Ruziyyə xanım burda yegənə cərrah olduğundan çox ekstrim şəraitdə çalışır və gecəsi-gündüzü yoxdur. Ona görə cərrah ginekoloqa ciddi tələbat var. Baxmayaraq ki, Şəkinin özündən Tibb Universitetinin ginekologiya fakultəsini bitirənlər az deyil, amma Şəki özü bu baxımdan həkimə ehtiyac duyur.
" Rezidentlər və gənc həkimlər üçün qapımız açıqdır.
Qalmağa yer də var, işləməyə şərait və xəstə də...”
Baş həkim Elçin Əmirov 8 aydır ki, Şəki Mərkəzi Xəstəxanasına təyin olunub. O, Şəki Mərkəzi Xəstəxanasının yaxın rayonlar üçün də xüsusi əhəmiyyətlidir.
" Xəstəxanamıza il ərzində 600.000 insan ambulator müalicəyə müraciət edib. 8000 nəfər stasionar müalicəyə cəlb olunub. 100 çarpayılıq cərrahiyyə korpusunda demək olar hər gün yüzlərlə insan qəbul olunur. 3 ətraf rayonu əhatə edən hemodializ şöbəsi və regional perinotal mərkəzi fəaliyyət göstərir. Ümumilikdə 9 rayonu əhatə edirik.
Hazırda oftalmoloq, travmatoloq və cərrahlara ehtiyac var.
Xəstəxanamızda işləmək, təkmilləşmək üçün hər şərait var. Gənc həkimlərin burda həm yaşaması, həm işləməsi üçün əlimizdən gələn dəstəyi göstəririk.
Medicina.az Azərbaycan Tibb Universitetini bitirmiş Şəki və ətraf 7 rayondan olan tələbələrin nəzərinə çatdırmaq istəyir ki, artıq regionlarda da xəstəxanalar Bakıdakı kimi müasir, modern və prestijlidir. Bakıda çoxsaylı həkimlər arasında tanınmaq çətindir, amma bölgələrdə yaxşı həkim kimi seçilmək şansı daha çoxdur.
Əgər hər gün onlarla xəstə qəbul edib, insanlarımıza kömək etmək istəyirsizsə, düşünmədən Şəki kimi rayonlarımızın Mərkəzi xəstəxanalarını seçin. Orda gənc həkimlərin ailəsi ilə yaşaması üçün mənzil və ev şəraiti də təmin olunur.
Şəki kimi cənnət yerdə həkim olaraq çalışmaq özü də bir şansdır, uğurdur.
Aygün Musayeva
Sekide perinatal merkezde hekim olsaydi men normal hamilelikle ora daxil olub 10 gun yatmisam axirda ise xestexanadan cixana 1 gun qalmis usm ye dusmusem deyibletki usaq telef olub abort edib gonderibler meni orda hekim var hamisi canidi qan icendirler pulgirdirler hec tibbi sigortaninda onlara ele bil dexli yoxdur yene kamera musaide etmediyi yerde xestelerden pul almaq isi ile mesguldurlar bu duzgun deyil axi sonra xestexanada birdenede olsun radioloq yoxdur usmye dusmek ucun ozel xrstexsnalara uz tutursan xahis edirik bele seylere nezaret edilsinn
Şəki vapşe çox geridə qalıb səhiyyə cəhətdən
Şəkidə səhiyyə yoxdur. Həkim yoxdur, qəssablar var.
Şəki tibb üzrə ən geridə qalmış rayondur.bura yalnız bazardı