Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səməd Səmədov iyulun 1-də restoranda toy aparırdı, polis reyd keçirib - DİN rəsmisi

  • 2021.07.27 16:14
  • 2956 Baxış
Səməd Səmədov iyulun 1-də restoranda toy aparırdı, polis reyd keçirib  - DİN rəsmisi

İyulun 1-də polisin yoxlama apardığı paytaxt restoranlarının birində dünyasını dəyişmiş Xalq artisti Səməd Səmədov iştirak edib.

Medicina.az xəbər verir ki, bunu ARB 24 telekanalının efirində Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, o zaman mərhum Xalq artisti polisin işinə yardımçı olub:

“O, bizə dəstək oldu və COVİD-19-la bağlı ictimaiyyətə elan verdi. Lakin onun bu gün həyatını itirməsi koronavirusla əlaqədardır. O, sağlamlığına biganə yanaşırdı. Özündən başqa digər qohumları da COVİD-19 səbəbindən dünyasını dəyişib. Bu, artıq cəmiyyət üçün bir çağırış olmalıdır”.

E.Hacıyev həmçinin qeyd edib ki, toy və digər kütləvi məclislərdə karantin davranış qaydaları kobud şəkildə pozulur:

“Ev şəraitində keçirilən 50 nəfərədək olan məclislərdə yenə də sosial məsafənin gözlənilməməsi və tibbi maskadan istifadə olunmaması hallarına rast gəlinir. Bununla yanaşı, ictimai nəqliyyatda və əhalinin çox olduğu yerlərdə də sosial məsafənin gözlənilməməsi və qaydalara əməl olunmaması qeydə alınır.

Qaydalar cəmiyyətin sağlamlığına yönələn tədbirlərdir. Heç bir halda hökumət maraqlı deyil ki, vətəndaşın şad gününə hansısa inzibati formada müdaxilə etsin. Bu gün yoluxma rəqəmlərinə insanlar etinasız yanaşmamalıdır. Bakıdan, Mingəçevirdən, Şəkidən, Şirvandan, Göyçaydan peyvənd pasportu olmadığı üçün toya buraxılmayan vətəndaşlarımızın görüntülərini yaydıq. Əgər orada nəzarət və yoxlama tədbiri olmasaydı həmin şəxslər məclisdə iştirak edəcəkdi və bu da yoluxmanın kəskin artmasına səbəb olacaqdı. Təsadüfi deyil ki, biz toyda aktiv COVİD xəstəsi də saxladıq”.