BBC Radio 5 Live üçün aparılan araşdırmaya görə, 40 yaşına çatmamış Britaniya qadınlarının üçdə birindən çoxu, razılıqlı seks zamanı istəmədikləri halda şapalaq, ağıztıxma və ya tüpürmə ilə üzləşiblər.
Bələ hərəkətlərə məruz qalmış qadınların 20 faizi bildirib ki, nəticədə məyusluq və ya qorxu hissləri keçiriblər.
23 yaşlı Anna deyir ki, ayrı-ayrı kişilərlə üç ayrı-ayrı halda razılıqlı seks zamanı arzu etmədiyi zorakılığa məruz qalıb.
Onun üçün bu cür zorakılıq saçlarının dartılmasından və şapalaqlanmasından başlayıb. Sonra kişi əlləriylə onun boynundan yapışmağa çalışıb.
"Mən şoka düşdüm, - o deyib, - Özümü çox narahat hiss etdim və qorxdum. Kimsə küçədə şapalaqlayıb boğsa, bunu hücum kimi qəbul edərik".
Anna bu barədə dostlarına danışmayana qədər bunun nə qədər geniş yayıldığından xəbəri yox idi.
Dediyinə görə, seks aktı zamanı onun razılığı alınmadan, xəbərdarlıq edilmədən bir kişi onu boğmağa başlayıb.
Bu il universiteti bitirən Anna deyir ki, bir neçə gün ərzində ağrı içində və bədəni əzilmiş vəziyyətdə olub.
"Bilirəm ki, bəzi qadınlar bunu xoşladıqlarını söyləyəcəklər. Problem ondadır ki, kişilər hər bir qadının bunu arzuladığını düşünür", - o deyir.
Savanta ComRes araşdırma şirkəti, 18-39 yaş arasında olan 2002 britaniyalı qadından razılıqlı seks əsnasında şapalaq, boğulma, ağıztıxma və ya tüpürmə ilə üzsləşdiklərini və bunun onların istədikləriyləmi baş verdiyini soruşub.
Britaniyanın bütün regionlarını və bütün yaş kateqoriyalarını təmsil edən qadınların üçdə birindən çoxu (38%) bu hərəkətləri yaşadıqlarını və ən azı bir müddət bunu istəmədiklərini söyləyiblər, qadınların üçdə ikisindən bir qədər az hissəsi isə bununla ya üzləşdiklərini, amma heç vaxt istəmədiklərini (31%), ya da ki, bununla üzləşmədiklərini, bunu bilmədiklərini və ya deməməyi üstün tutduqlarını (31%) bildiriblər.
Qadınlar üçün Ədalət Mərkəzi BBC-yə açıqlamasında bildirib ki, rəqəmlər "gənc qadınlara zorakı, təhlükəli və alçaldıcı hərəkətlərə razılıq vermək məqsədiylə edilən təzyiqin artdığını" göstərir.
"Bu, ehtimal ki, pornoqrafiyanın həddindən artıq geniş yayılması, bunun adiləşməsi və əlçatanlığı ilə bağlıdır", - təşkilat bildirib.
Qadınlara Yardım qrupunun Baş direktoru vəzifəsini icra edən Adina Claire deyib ki, bu, "yaşı 40-dan aşağı olan qadınların partnyorları ilə razılıqlı seks zamanı cinsi zorakılığı nə qədər tez-tez yaşadıqlarının, təhqir və ya qorxu içində olduqlarının göstəricisidir".
"Biri ilə cinsi əlaqəyə girməyə razılıq vermək onu döymək və ya boğma[a razılıq verməsi demək deyil, - o deyib.
"Dəhşət hiss etdim"
30 yaşlarında olan "Emma" bir gecəlik seks əlaqəsinə, sevgilisindən ayrıldıqdan sonra girib.
"Biz yataqda sekslə məşğul olarkən - xəbərdarlıq etmədən - o məni boğmağa başladı. Mən həqiqətən şok oldum və dəhşət hissi keçirdim. O anda heç bir şey söyləmədim, çünki özümü təhlükə altında hiss edirdim, bu kişinin mənə üstün gələcəyini hiss edirdim".
Qadın bunu pornoqrafiyanın təsiri ilə əlaqələndirir.
"Sanki, o bunları internetdə baxandan sonra real həyatda da gerçəkləşdirmək istəyirdi", - o deyib.
Araşdırma eyni zamanda göstərib ki, razılıqlı seks zamanı şapalaqlama, boğulma, ağıztıxma və ya tüpürmə ilə qarşılaşanların 42 faizi özünü zorlanmış, təzyiq altında olan və məcbur edilmiş kimi hiss ediblər.
Zorakılıq "adiləşir"
Steven Pope seks və sevgi münasibətləri sahəsində ixtisaslaşan bir psixoterapevtdir.
O, BBC Radio 5 Live-a bu cür halların mənfi təsirilə məşğul olduğunu söyləyib və bildirib ki, bu hallar günü-gündən artır.
"Bu, səssiz bir epidemiyadır. İnsanlar bunu normal saydıqlarına görə edirlər, lakin bu, çox ağrıverici ola bilər. Gördüyümüz kimi, bu, çox vaxt münasibətləri gözdən salır, amma ən pisi odur ki, zorakılıq məqbul bir şeyə çevrilir."
O, bu hərəkətləri edənlərin risklərdən xəbərdar olmadıqlarından narahatdır.
"Mənim yanıma az qala boğulma həddində olanlar, boğulma nəticəsində uzun müddət huşunu itirən insanlar gəlir. Boğulma çox təhlükəli bir vəziyyətdir, lakin bunu düşünən yoxdur".
Kampaniya fəalı Fiona McKenzie sorğunun nəticələrini "olduqca qorxulu" adlandırıb.
"Mən müntəzəm olaraq qadınlardan razılıqlı seks zamanı kişilər tərəfindən boğulduğunu, şapalaqlandığını, üstlərinə tüpürüldüyünü, sözlə təhqir edildiklərini və yumruqlandıqlarını eşidirəm. Bir çox hallarda qadınlar əvvəlcədən bunun nə qədər travmatik hərəkət olduğunu anlaya bilmirlər".
O, "Biz buna razı ola bilmərik" adlı bir təşəbbüs qrupu da yaradıb.
Buna səbəb razılıqlı seks zamanı qadınların qətlə yetirilməsi hallarının sayının artması tendensiyası olub.
Belə hallarda qarşı tərəf guya "seks oyununun səhv getdiyini" deyir və seksin razılıq əsasında olmasına istinad edərək bundan müdafiə imkanı və ya cəzanı yüngülləşdirən bir amil kimi istifadə etməyə çalışır.
Anna deyir ki, seks "getdikcə daha çox erkəyə köklənən bir münasibətə çevrilir... Bu, o qədər "pornolaşdırılmış" hala gətirilib ki, artıq qadın üçün az qala orada yer də qalmayıb".
O deyir ki, seks əsnasında zorakılıq artıq adiləşib: "Onlar sadəcə adi adamlardır. Onları eyni edən elə bir xüsusi cəhət yoxdur. Lakin düşünürəm ki, onlar həddindən artıq çox dərəcədə porno məhsulundan istifadə edənlərdir. Onlar bütün bunlara baxır və düşünürlər ki, qadınlar bunu xoşlayır, lakin bunun belə olub-olmadığını soruşmurlar".
Bu tədqiqat bu yaxınlarda gənc britaniyalı qadın Grace Millane-nin qətlə yetirilməsi kimi hadisələrlə bağlı işlərdə "kobud seks" müddəasından müdafiə üçün istifadə olunma hallarının fonunda keçirilib.