Orqanizmdə karbohidrat və su mübadiləsinin pozulması fonunda yaranan metabolik xəstəlik-şəkərli diabet çox geniş yayılıb. Xəstəliyin əsasında mədəaltı vəzin funksiyasının pozulması, vəzidən ifraz olunan və şəkər mübadiləsində iştirak edən insulin hormonunun azalması durur. Qanda şəkərin miqdarının artması diabet xəstəliyinin göstəricisidir. Xəstəlik yanğı hissi, xroniki yorğunluq, sidik ifrazının artması, ağızda quruluq, zəiflik və yüksək yorğunluq, dəri xəstəlikləri, baş ağrıları, iştahanın artması, qaşınma, yuxululuq, yaraların gec sağalması və piylənmə əlamətləri ilə özünü göstərir.
Medicina.az azertac-a istindən xəbər verir ki, bu barədə söhbət edən Kliniki Tibbi Mərkəzin həkimi, tibb elmləri namizədi, ali dərəcəli terapevt Eldar Kamranov deyib: "Bir sıra risk faktorları-çəkinin çox artması, hüceyrələrin insulin həssaslığının pozulması, fiziki aktivliyin aşağı olması, genetik faktorlar, arterial təzyiqin yüksək olması, siqaret çəkmə, alkoqollu içkilərin çox qəbulu və stress xəstəliyin artmasına səbəb olur.
Diabetik nefropatiya şəkərli diabetin ağırlaşmasıdır və böyrək damarlarının zədələnməsi ilə xarakterizə olunur. İlk növbədə özünü hər bir əlamətlə göstərməsə də, sidiyin analizində mikroalbuminuriyanın aşkarlanması diaqnozunun qoyulması kömək edir.
Xəstəlik inkişaf edib ağırlaşanda sidikdə zülalın adi üsullarla aşkar edilməsi böyrək yumaqcıqlarının zədələnməsini göstərir, nəticədə böyrəklərin filtrasiya qabiliyyəti aşağı düşür və arterial təzyiq yüksəlir. I tip şəkərli diabetdə nefropatiyanın ilk əlaməti olan mikroalbuminuriya xəstəlik başlayandan 5-10 il sonra əmələ gəlir. II tip şəkərli diabet aşkar olunanda bir sıra hallarda nefropatiyanın ilk əlamətləri üzə çıxır, çünki xəstəlik uzun müddət heç bir əlamət olmadan gizli şəkildə gedir. Normada sidikdə albumin 20-dən az, mikroalbuminuriyada 20-200 mq/l, makroalbuminuriyada 200 mq/l-dən çox olur.
Böyrəklərin funksiyasının əsas göstəricisi yumaqcıqların filtrasiya sürətidir. Həmin göstərici aşağı düşəndə qanda kreatin artmağa başlayır və bu xroniki böyrək çatışmazlığının inkişafını göstərir. Müasir təsnifatda həmin patologiya xroniki böyrək xəstəliyi adlanır”.
Həkim-terapevt mövzuya davam edərək söyləyib: ”Başlanğıc mərhələdə xroniki böyrək xəstəliyinin heç bir əlaməti görünmür. Bununla yanaşı xəstələrdə yorğunluq, iştahanın azalması, ağızda quruluq və xoşa gəlməyən dad şikayətləri olur. Gecikmiş dövrlərdə dəri qaşınması, ürək bulanma, qusma, ödemlər və qan təzyiqinin yüksəlməsi müşahidə olunur. Diabetik nefropatiyanın müalicəsi zamanı əsas prinsip qanda qlükozanın səviyyəsini normada saxlamaq və pəhriz gözləməkdir. Qida rasionunda xörək duzunun məhdudlaşdırılması ödemləri və qan təzyiqini azaldır, nefropatiyanın inkişafını ləngidir. Qidada karbohidratların azaldılması qanda şəkərin normallaşmasına kömək edir. Hipertoniyanın tənzimləmək üçün angiotenzinə cevirən fermentlərin inhibitorları və angiotenzin II reseptorlarının blokatorlarından istifadə edilir və bu yolla A/T 130/80 mm. civə sütununa endirilir. Nefropatiya inkişaf etdikdə şəkərli diabetdə istifadə olunan metformin tərkibli preparatların qəbulu kəsilməlidir. Diabetik nefropatiyanın inkişafının qarşısını vaxtında almayanda ağır böyrək çatışmazlığına, son nəticədə dializ və böyrək transplantasiyası kimi ağır əməliyyata aparıb çıxarır.
Böyrəklərin təbii üsullarla o cümlədən bitkilərlə müalicəsi çox aktualdır. Təbii preparatların praktiki olaraq əlavə təsirləri yoxdur, istifadəsi asandır, böyrəklərə toksiki təsir göstərmir, qanda şəkəri normallaşdırır, böyrək infeksiyalarını tədricən tənzimləyir, filtrasiyanın sürətini artırır və diabetik nefropatiyanın inkişafını ləngidir”.