Yüksək qan şəkəri aterosklerozun- damar tıxanmasının inkişafına səbəb olur.
Ateroskleroz qan damarlarının xroniki zədələnməsidir, bu zaman artıq xolesterol damarların boşluğuna yığılır. Nəticədə damarların daxili divarının daralması, daxili orqanlara qan axınının azalmasına səbəb olur. Bu onların fəaliyyətində təhlükəli pozğunluqların inkişafına kömək edir.
“Medicina” xəbər verir ki, terapevt Tatyana Romanenkonun sözlərinə görə, qırmızı ət, yağlı qidalar, asanlıqla həzm olunan karbohidratların üstünlük təşkil etməsi aterosklerozun təzahürünü pisləşdirir.
“Damar sağlamlığını qorumaq üçün Aralıq dənizi pəhrizinə bənzəyən qidalanma üçün səy göstərməlisiniz. Menyuda ən az qırmızı ət və şirniyyat, bol tərəvəz və göyərti, dəniz məhsulları və balıq, bitki yağları olan işlənməmiş təbii məhsullar üstünlük təşkil etməlidir.
Xüsusilə qeyd etmək lazımdır ki, siqaret aterosklerozun başlamasına və irəliləməsinə səbəb olur. Tütün tüstüsünün komponentlərinin təsiri altında damarlar iltihablanır, bu da onların toxumalarını xüsusilə həssas edir.
Həmçinin həkim tərəfindən təyin olunan statinlərdən imtina da nəticədə aterosklerozun pisləşməyə başlamasına kömək edir.
Stabil olmayan qan təzyiqi, yüksək qlükoza səviyyəsi - bütün bunlar da aterosklerozun irəliləməsinə səbəb olur”.
Günay Quluzadə