ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov və adıçəkilən kafedranın professoru Anar Ağayevin birgə müəllifliyi ilə ərsəyə gələn “Səhiyyənin menecmenti” adlı dərs vəsaiti “Təbib” nəşriyyatında çapdan çıxıb.
Medicina.az xəbər verir ki, kitaba Ə.Əliyev adına ADHTİ-nin Səhiyyənin təşkili və menecmenti kafedrasının dosenti, t.ü.e.d. H.İ.İbrahimili və ATU-nun Epidemiologiya kafedrasının professoru M.Z.Niftullayev rəy veriblər.
Dərslik idarəetmə kursunun əsas məsələlərini əlçatan formada özündə əks etdirir. Burada idarəetmə nəzəriyyəsinin əsas müddəaları, idarəetmə təcrübəsinin ümumiləşdirilməsi, habelə bazar subyekti kimi idarəetmə üsulları nəzərdən keçirilib. Əsas diqqət idarəetmə qərarlarının qəbul edilməsi üsullarına və müasir menecerin fəaliyyətinin əsas xüsusiyyətlərinə yönəldilib. Kitabda menecer və personal rəhbərliyinin işinin təşkili, idarəetmə qərarlarının qəbul edilməsi, münaqişələrin həlli, eləcə də rabitə və işgüzar danışıqların problemləri öz əksini tapıb.
Kitabda həm məlumatlandırıcı material, həm də əsas anlayışlar, terminlər, nəzarət sualları və praktiki tapşırıqlarla yanaşı, müasir menecmentin yeni metod və texnikalarına, qabaqcıl kadrların idarəetmə texnologiyalarına da xüsusi diqqət yetirilib. 357 səhifədən və XII fəsildən ibarət olan kitabın sonluğunda dərslikdə işlənmiş sözlərin geniş, ətraflı və dəqiq izahı verilib.
Müəlliflər hesab edir ki, dərslik yuxarıda göstərilən problemlərin həllinə öz töhfəsini verəcək və bu sahənin mütəxəssislərinə idarəetmənin əsaslarını mənimsəməklə yanaşı, həm də hədəfə doğru fəaliyyətlərini uğurla həyata keçirməkdə kömək edəcək.
Kitab tibb universitetlərinin tələbə və rezidentləri, ixtisaslaşlmış tibb müəssisələrinin magistrantları, həmçinin müxtəlif səviyyəli səhiyyə orqanlarının rəhbərliyi üçün nəzərdə tutulub. “Səhiyyənin menecmenti” həm də bazar şəraitində fəaliyyət göstərən tibb müəssisələrinin idarə edilməsində maraqlı olan hər kəs üçün faydalı bir mənbədir.