İcbari tibbi sığortanın tətbiqi ilə bağlı vaxt dəyişdirildi: artıq 2020-ci ilin 1 yanvarından bütün ölkə üzrə tətbiq edilməyəcək, tədricən olacaq və 2020-ci ilin son rübündə Bakıya da şamil olunacaq.
Millət vəkili, Səhiyyə Komitəsinin üzvü Musa Urud Milli Məclisin buraxılmasından öncəki müsahibəsində səhiyyənin durumu ilə bağlı fikirlərini açıqlayıb.
Medicina.az Bakuposta istinadən həmin müsahibədən bəzi məqamları təqdim edir:
"Səhiyyədə problemlər dünən olub, bu gün var və sabah da olacaq. Vəziyyət yalnız bizim səhiyyədə belə deyil. İcbari tibbi sığorta qısa müddətdə bunların çoxunu həll edəcək. Əsas problem bu gün vətəndaşın tibbi xidmətə alçatanlığının olmaması və ya kifayət qədər olmamasıdır.
Mənim fikrimə gəldikdə, səhiyyənin durumu məni qane etmir və gələcəkdə də etməyəcək. Səbəbi isə odur ki, biz istəyirik, vətəndaşlarımız daha yüksək keyfiyyətli tibb xidmətlərindən faydalansınlar. Lakin 15 il öncə ilə bu günü müqayisə etsək, inkşaf göz önündədir. Son illər ərzində 700-ə yaxın tibb müəssəmiz təmir olundu, yeni xəstəxanalar tikildi və eyni zamanda müasir texnologiya ilə təchiz olundu. Hər birimizin arzusu odur ki, istənilən vətəndaşımız ölkəmizin hüdudları çərçivəsində keyfiyyətli və əlçatan tibbi xidmət alsın. Səhiyyə xidmətinin keyfiyyətinin artırılması cənab Prezidentin hökumətə birbaşa tapşırığıdır”.