Türkiyənin Səhiyyə Nazirliyi hacamat, zəli və iynəbatırma kimi alternativ müalicə üsullarını genişləndirərək xəstəxanalarda da tətbiq etməyi planlaşdırır.
Medicina.az Publika.az-a istinadən xəbər verir ki, həkimlərin müalicə üsulları arasında bundan sonra müalicəvi otlar, bitkilər, hacamat və iynəbatırma da yer alacaq. Türkiyə KİV-lərinin yazdığıma görə, burada əsas məqsəd dərman xərclərini və vətəndaşın kimyəvi dərmanlara asılılığı azaltmaqdır.
Səhiyyə Nazirliyi vətəndaşın kimyəvi dərmana asılılığını minimuma endirmək və ənənəvi tibb adı altında müalicə xidməti təklif edənlərlə mübarizə aparmaq üçün alternativ tibb yollarını genişləndirməyi qarşısına hədəf qoyub.
Həkimlər kimyəvi dərman istifadə etmək zəruriliyi olmayan və dərmana ehtiyac olmayan xərçəngin inkişaf mərhələlərində xəstələrə xalq təbabəti ilə müalicə reseptləri yazacaq.
Xalq təbabəti ilə müalicə əsasən qoruyucu tibb sahəsində tətbiq olunacaq. Diaqnostika, müasir tibb üsulları və bitkilər eyni qrupa salınacaq. Dünya Səhiyyə Təşkilatı ilə birlikdə "Anadolu tibb" Türkiyədə və dünyada genişləndiriləcək. 18 universitet xəstəxanasında yerləşən xalq təbabəti ilə müalicə mərkəzlərinin sayı artırılacaq.
Alternativ tibb ifadəsi düzgün deyil!
Bitki mənşəlli təbii məhsullar və xalq təbabəti kimi müalicəvi üsullar həkimlər tərəfindən tövsiyə ediləcək və reseptlərə əlavə ediləcək. Nazirlik bu müalicələrin müasir tibdən ayrı olmadığını, bu səbəbdən "alternativ tibb" ifadəsinin işlədilməsinin düzgün olmadığını qeyd edib.
Xalq təbabəti çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən hansı müalicələrin qarşılanacağı hələ ki, aydın olmayıb. Amma bu sayədə antibiotiklərin qarşısının alınması məqsədi də güdülür.
ABŞ, Almaniya, Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə xalq təbabətinin təklif etdiyini və pulunun dövlət tərəfindən qarşılandığını söyləyən mütəxəssislər Dünya Səhiyyə Təşkilatının bu məsələdə Türkiyəni dəstəklədiyini bildirib. Nazirlik rəsmilərinin sözlərinə görə, bu həssas və mühüm məsələdə diqqətli olmaq lazımdır:
"Buradan "Əməliyyat olma, hacamata get, iynəbatırmaya get” kimi mənalar çıxartmamalıyıq. Səhiyyə Nazirliyi bu barədə həkimlərə dəstək olmaq istəyir. Onların tövsiyələri və reseptləri nəzərə alınacaq. Dövlət bunun xeyrinə inanırsa, qiymətini qarşılayacaq. Bunları həyata keçirənlər də həkimlər olacaq".
Nazirlik rəsmiləri vurğulayıb ki, bitki məhsullarının antibiotik əvəzinə istifadə edilməsi müasir təbabətin tələbidir. Bunun sayəsində bir çox xəstəliyin baş vermədən qarşısının alınacağını qeyd edilib:
"Müalicəvi bitki məhsullarının antibiotik əvəzinə istifadə edilməsi müasir təbabətin tələbidir. Təbii ki, bir çox bitkilərin tətbiqi üçün əvvəlcə eksperimentdən keçməli və müşahidə olunmalıdır. Buna müasir tibb nəzarət edəcək. Nazirlik tərkibində sertifikat proqramları açılacaq. Hər şey qeydiyyat altında olacaq. Bu cür müalicə üsulları dövlətə daha ucuz başa gələcək".
Xalq təbabətinə daxil olan müalicə üsulları bunlardır: İynəbatırma, zəli, mezoterapiya, hipnoz, hacamat, fitoterapiya, refleksologiya, homeapatiya, osteopatiya, ozon, apiterapiya, proloterapiya, lavra, musiqi terapiyası.