"Çox təəssüf ki, Azərbaycandan gedən həkimlərin qarşısını ala bilmirik. Elə şərait yaratmalıyıq ki, həkim başqa ölkəyə getməsin, öz vətənində işləsin".
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev deyib.
Ekspert bildirib ki, Azərbaycandan həkimləri Avropaya aparan səbəblər çoxdur:
"Tibb Universitetində oxuyan tələbə Azərbaycanda yaşayır və tibb işçilərinin və tanıdığı həkimlərin vəziyyətini görür. Bu dəqiqə internet, sosial şəbəkələr var. Almaniyada, İngəltərə, Türkiyədəki həkimlərin vəziyyətini, onların aldığı maaşları müqayisə edir. Baxır ki, həkim Almaniyada 3 min avro alır, Azərbaycanda isə 450 manat. Bu maaşla normal olaraq bir gənc inkişaf edə bilməz. O isə inkişaf etmək etmək istəyir. Baxır ki, alman dilini bilsə, rahat şəkildə orada işə düzələ bilər. Baxır, müqayisə edir və Azərbaycanda gedir".
Aydın Əliyev bildirib ki, həkim renginoloq Azərbaycanda bir gündə 120-140 xəstəyə baxır və onlaradan ancaq 35-nin ödənişini ala bilir:
"Həkim gün ərzində təxminən 95 xəstəyə pulsuz baxır. Halbuki Azərbaycanın imkanları genişdir. Hazırda Azərbaycanda kadr böhranı var. Biz bunu illərlə desək də, artıq hiss olunası həddədir. Xəstəxanaların qarşısında görün nə qədər növbələr var. Niyə? Çünkü kadr çatışmazlığı var. Xəstəxanaların maddi-texniki bazası zəifdir. Əksəriyyəti sovet dövründən qalıb. Əhalinin sayı isə sovet dövrünə nisbətən iki dəfə artıb. Problemlər bitmək bilmir".
Aydın Əliyevin sözlərinə görə, bu gün Azərbaycanı tərk edənlərin çoxu savadlı tibb işçiləridir:
"Çox təəssüflər olsun ki, bu belədir. Əgər tədbir görülməsə, bu böhran getdikcə dərinləşəcək. Dövlət tibb müəssisələrində işləyən həkimlər bunu deyə bilmirlər. Çünki onları gözümçıxdıya salırlar".
Qeyd edək ki, Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçü ilə bağlı məlumatlar var. Son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb.