Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Azərbaycan Tibb jurnalı"nın saxta saytını açıb, dələduzluq edirlər- XƏBƏRDARLIQ

  • 2022.04.04 15:54
  • 6405 Baxış
  "Azərbaycan Tibb jurnalı"nın saxta saytını açıb, dələduzluq edirlər -   XƏBƏRDARLIQ
Azərbaycan Səhiyyə Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan Tibb jurnalı" dərgisinin adından xaricdə saxta sayt yaradılıb.
Medicina.az xəbər verir ki, “Azərbaycan Tibb Jurnalı”nın redaksiyası adından Fuad İslamzadə tibb üzrə elmi-tədqiqat aparan və “Azərbaycan Tibb Jurnalı”da elmi məqalələrini çap etdirmək istəyən şəxslərə müraciət hazırlayıb.



"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan “Azərbaycan Tibb Jurnalı” bir neçə beynəlxalq indeksləşdirmə təşkilatında qeydiyyatdan keçdiyinə və bu jurnalda çap edilən məqalələr həmin mərkəzlərin bazalarında yayımlandığına görə, bir sıra xarici ölkə tədqiqatçılarının diqqətini cəlb edir. Bu, son vaxtlarda bütün dünyada elmi-tədqiqat işlərinin nəticələrinin nüfuzlu mətbu orqanlarında çap edilməsinə tələbatın artması ilə əlaqədardır. İndiyə qədər biz Ukrayna, Belorusiya, Rusiya Federasiyası və ABŞ-ın nüfuzlu elmi mərkəzlərindən göndərilmiş məqalələr çap etmişik.

Təəssüflə bildirirəm ki, jurnalımızın Beynəlxalq indeksləşdirmə təşkilatlarındakı nüfuzunun artması bəzi dələduzların da diqqətini cəlb edib və onlar bundan istifadə üçün qeyri-adi, hətta ağılasığmaz şəkildə istifadə etməyə başlayıblar.

Keçən ay ərzində bizə Özbəkistandan bir neçə müəllif müraciət edib, göndərdikləri məqalələrin nə vaxt çap ediləcəyi haqqında məlumat almaq istədiklərini bildiriblər. Halbuki onların bəhs etdikləri məqalələr bizim redaksiyamıza təqdim edilməmişdi. Bununla əlaqədar apardığımız araşdırma bizim necə bir dələduzluğa məruz qaldığımızı ortaya çıxardı. Aydın oldu ki, keçən ilin avqust ayında bizim jurnalın ingiliscə adından istifadə edilməklə xüsusi bir saxta sayt hazırlanaraq internetdə fəaliyyətə başlayıb. Həmin saytın adi ilə bizim saytımızın adı arasında cüzü fərq var. Həqiqi saytımızın adı www.azmedjournal.com, haqqında bəhs etdiyim saxta saytın adı isə www.azerbaijanmedicaljournal.com-dur.


Saxta saytı yaradan dələduzlar oraya jurnalın redaksiya heyəti olaraq həqiqi jurnalla heç bir əlaqəsi olmayan 7 nəfərin adını daxil ediblər.


İnternetdə apardığımız araşdırma sayəsində aydınlaşdırılmışdır ki, həmin siyahıda adları qeyd edilən şəxslər ölkəmizdə fəaliyyət göstərən universitetlərdən birinin əməkdaşlarıdır. Onların adları universitetin rəsmi saytından götürülmüşdür və onlardan heç birinin bizim müraciətimizə qədər bu məsələdən xəbəri olmayıb.


Nəzərinizə çatdırıram ki, dələduzlar həmin saxta sayta bizim həqiqi saytımızda dərc etdiyimiz məqalələri daxil etməklə insanları aldadıb və hiyləgərliklə başqa müəlliflərdən böyük məbləğdə pul alaraq, onların materiallarını bizim məqalələrimizin arasına yerləşdiriblər. Bununla əlaqədar olaraq, bildirirəm ki, bizim jurnala təqdim edilən heç bir məqalə yoxlanılmadan, ekspertizadan keçirilmədən çap edilmir. Xahiş edirəm, bunu nəzərə alıb, belə dələduzlara aldanmayasınız. Haqqında bəhs etdiyim sayt ABŞ-da hazırlanıb. Əgər uzaq ABŞ-da bizim jurnaldan bu şəkildə istifadə etmək həvəskarları tapılıbsa, yəqin qabaqcıl ölkələrdə çap edilən nüfuzlu jurnalların da adından istifadə edənlər ola bilər.


Tibb üzrə elmi-tədqiqat aparan və “Azərbaycan Tibb Jurnalı”da elmi məqalələrini çap etdirmək istəyən şəxslərin nəzərinə.


Hazırda biz müvafiq təşkilatlarla əlaqə saxlayıb, saxta saytın fəaliyyətini bloklamaq üçün iş aparırıq. Bununla bərabər, elmi tədqiqatla məşğul olan həmkarlarımıza başqa jurnallara da məqalə göndərərkən ehtiyatlı olmağı tövsiyə edirəm.
Bu bizim tibbi elmi jurnalın real saytının linkidir.




Haqqında bəhs etdiyim saxta saytın əsas səhifəsinin şəklini diqqətinizə çatdırıram.






“Azərbaycan Tibb Jurnalı”nın redaksiyası adından
Fuad İslamzadə

  "Azərbaycan Tibb jurnalı"nın saxta saytını açıb, dələduzluq edirlər -   XƏBƏRDARLIQ