"Bəzən Yeni il hədiyyə qutularının üstündəki tarixlə içərisində olan məhsullar eyni olmur. Bu səbəbdən də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar".
Medicina.az report-a istinadən xəbər verir ki, bu sözləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev dekabrın 21-də keçirdiyi mətbuat konfransında deyib.
Mütəxəssis xatırladıb ki, əvvəlki illərdə hədiyyə qutularında yararlılıq müddəti bitmiş məhsullar satışda olub: "Əvvəllər vaxtı keçmiş şirniyyatların qutulara yerləşdirilməsi faktı olub. İndi isə sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət olarsa, şikayət araşdırıla bilər. Mərkəz ilin sonundan qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Çünki bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək".