"Mövsümlə, yəni havaların soyuması ilə bağlı bütün dünyada olduğu kimi, Azərbaycanda da əhali arasında müəyyən kəskin respirator xəstələnmə halları qeydə alınır”.
Medicina.az xəbər verir ki, bunu APA-ya Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.
Onun sözlərinə görə, 5 yaşınadək uşaqlar arasında xüsusən kəskin respirator xəstəliklərin yayılma səviyyəsi daha yüksək olur: "Bəzən əhali arasında baş ağrıları, hərarət, öskürmə, kataral əlamətlərə keçən hallar müşahidə olunur. Çox vaxt xalq arasında bu halların hamısı ümumi qrip adı ilə birləşdirilir. Ailə üzvlərimizdə, ətrafımızda olan insanlar tez-tez "qrip olmuşam” ifadəsini işlədir. Əslində, bu, elmi cəhətdən düzgün ifadə deyil. Çünki qrip infeksiyası konkret olaraq elmə məlum olan və xüsusi qrip virusları tərəfindən törədilən kəskin iltihab – yoluxucu xəstəlikdir. Bu gün elmə qrip viruslarının 3 tipi məlumdur: A qrup virusu, B qrup virusu və C qrup virusu. Ona görə də konkret qrip infeksiyasından danışarkən məhz bu virusların müxtəlif ştamplarının törətdiyi infeksiya nəzərdə tutulmalıdır. Digər hallar bu infeksiya adı altında birləşdirilə bilməz”.
Şöbə müdiri qeyd edib ki, hər bir infeksiyada profilaktika birinci yerdə dayanmalıdır: "Xüsusilə kəskin respirator infeksiyalardan danışırıqsa, burada profilaktik tədbirlər önəmli yer tutur. Profilaktik tədbirlər içərisində, həmişəki kimi, orqanizmin özünün müdafiə qabiliyyətinin gücləndirilməsi, daha çox idmanla məşğul olmaq, sağlam həyat tərzinin keçirilməsi, xəstə olan şəxslərlə təmasın azaldılması, yaxşı qidalanmaya diqqət ayrılması əsas yer tutur. Ailədə, iş yerində xəstə şəxslər kollektivdən mümkün qədər təcrid olunmalıdır. Bu, ən azı digər şəxslərin xəstəliyə yoluxma ehtimalını azaltmış olur. Bundan sonra xəstə profil üzrə həkimə müraciət etməlidir. Soyuq havada orqanizmin immun sisteminin reaksiyası dəyişir və ilin soyuq fəslində orqanizmdə soyuğa öyrəşmə reaksiyaları gedir. Əlbəttə, belə dövrdə hər bir orqanizm bu cür hallara fərdi şəkildə reaksiya verir. İmmun sisteminin səviyyəsindən asılı olaraq isə infeksiya özünü müxtəlif şəxslərdə müxtəlif cür göstərir”.