Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Səhiyyə Nazirliyindən tələbələrin etirazına CAVAB VERİLDİ

  • 2018.07.02 11:25
  • 6982 Baxış
Səhiyyə Nazirliyindən tələbələrin etirazına  CAVAB VERİLDİ
Rezidenturaya qəbul olmaq istəyən bir qrup namizəd iyunun 29-da Səhiyyə Nazirliyinin qarşısında toplaşıb. Daha sonra nazirlik əməkdaşları ilə görüşən tələbələr 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından narazı olduqlarını qeyd ediblər. Müraciət əsasında həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb. 


Medicina.az  xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat yayıb.


S. Əhmədova qeyd edib ki, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir:

"Hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır. Tələbat əsasən bölgələrdə ailə həkimlərinə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür. 


Eyni zamanda bölgələrdə kadr çatışmazlığı nəzərə alınaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparılacaq. Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur. 


Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər”.