Azərbaycan Səhiyyə Nazirliyində COP29 danışıqlar qrupunun üzvləri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İctimai Səhiyyə, Ətraf Mühit və Sosial Müəyyənedicilər Departamentinin direktoru Mariya Neyra və Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batler ilə görüş keçirilib.
Medicina.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə bir çox istiqamətlərdə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “Azərbaycan bu əməkdaşlığa böyük önəm verir. Ötən müddət ərzində ölkə və regional səviyyədə uğurlu layihələr həyata keçirilib”.
Prezident İlham Əliyevin bu səhiyyə təşkilatı ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan nazir dövlət başçısı ilə XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun görüşünü də qeyd edib.
Həmçinin, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırılıb:
“Prezident İlham Əliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın bu tədbirə ev sahibliyi edərək qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə və milli səviyyədə olan uğurlu addımları ilə yaşıl keçid prosesinə töhfə verməkdir”.
Teymur Musayev, həmçinin ÜST-nin müvafiq strukturlarının rəhbərləri ilə mütəmadi görüşlərin qarşılıqlı əlaqələrə əlavə təkan verdiyini vurğulayıb: “Bu, Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın dərinləşməsinə töhfə verir”.
Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndiriblər. XI Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu bildirən ÜST-nin departamentlərinin direktorları Forumun çox yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdıran qonaqlar bunun Azərbaycan üçün çox böyük nailiyyət olduğunu qeyd ediblər. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlik etdiyi strukturların COP29-a sədrlik və bu sessiyaya ev sahibliyi prosesində Azərbaycana öz dəstəyini verməyə hazır olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.