Ümumdünya Diabet Günü ilə əlaqədar Tovuz, Qazax, Masallı və Lənkəran rayonlarının mərkəzi xəstəxanalarının poliklinikalarında "açıq qapı günü” keçirilib.
Səhiyyə Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkil etdiyi aksiya çərçivəsində həkim-endokrinoloqlar sakinləri diabet, onun risk faktorları, müalicəsi və fəsadları barədə məlumatlandırıb, müxtəlif maarifləndirici materiallar paylanılıb. Həmçinin müraciət edənlərdən şəkərin təyini ilə bağlı analizlər götürülüb və nəticələrdən asılı olaraq lazımi tövsiyələr verilib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Fondunun təşəbbüsü ilə 14 noyabr 1991-ci ildən Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə isə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.
Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə "2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” qəbul olunub. Proqram çərçivəsində şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və digər tədbirlər həyata keçirilir.