Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın 3 ildə ürək-damar və xərçəng xəstəliyinin 15% artacağı ilə bağlı xəbərdarlığı bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də narahatlıqla qarşılanmaqdadır.
Azərbaycanın Səhiyyə Nazirliyi verilən proqnozun ciddiliyini nəzərə alaraq vəziyyəti nəzarətdə saxlamaq, sözügedən xəstəliklərin yayılma faizini qismən də olsa aşağı salmaq üçün hansısa addımlar atmalıdırmı?
Medicina.az xəbər verir ki, moderator.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bu cür qabaqlayıcı addımlar atmağın zəruri olduğunu vurğulayıb:
"ÜST-nin bu cür araşdırmaları olur. Bu cür proqnozlar əsassız yerə səslənmir. Onlar bu cür xəstəlikləri törədən amilləri, eləcə də ekoloji durumu və s. faktorları təhlil edərək müəyyən qənaətə gəlirlər. Təbii ki, Səhiyyə Nazirliyi bununla bağlı lazımi tədbirləri görməlidir. Bu nazirlik genafondumuzun sağlamlığına məsul qurumdur. ÜST bu qənaətə hansı amillərə əsasən gəlibsə, Səhiyyə Nazirliyi də bu amilləri əsas götürərək qabaqlayıcı addımlar atmalıdır. Ekoloji mühitin yaxşılaşdırılması, kütləvi idman tədbirlərinin təşkili, aktivliyin artırılması və s. ilə bağlı konkret işlər görülməlidir. Səhiyyə Nazirliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinə cavabdeh qurumlar da bu istiqamətdə ciddi addımlar atmalıdır. Bu, kompleks bir məsələdir və kompleks şəkildə də öz həllini tapmalıdır”.