Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir müşahidələr aparır.
Medicina.az xəbər verir ki, bu barədə ölkə.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.
Məsələ ilə əlaqədar mütəxəssislər həyəcan təbili çalırlar. Tibb elmləri doktoru, professor, Respublikanın əməkdar həkimi, Əməkdar elm xadimi, ATU-nun Terapiya kafedrasının professoru, Baş allerqoloq Cəbrayıl Məmmədov açıqlamasında bildirib ki, tozlu hava bütün insanlara təsir edə bilər. Onun sözlərinə görə, belə hava əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərir.
"Əsasən bronxial astma xəstəliyi olan insanlara mənfi təsir göstərə bilər. Belə insanlar həmişə özləri ilə dərmanlarını gəzdirirlər. Onlar dərmansız qala bilmirlər. Belə havalarda həmin xəstələrin tutmaları artır. Onlar özlərini narahat hiss edən kimi dərmanlarından istifadə etməlidirlər. Hər bir astmalı xəstə profilaktik olaraq bilir ki, nə etməlidir”, - deyə Cəbrayıl Məmmədov bildirib.
Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, belə hallarda insanlar mütləq özlərini qorumalıdırlar. Onun sözlərinə görə, normadan artıq çirklənmədə uzun zaman açıq havada qalmaq olmaz.
"Havanın belə çirklənməsi uzun müddətli xarakter daşıyarsa, insanlarda yuxarı tənəffüs yolları xəstəlikləri yarada bilər. Xroniki xəstəliklərə səbəb ola bilər. Eyni zamanda gözün selikli qişasında konyuktivit (gözün selikli qişasının iltihabı xəstəliyi) yarada bilər. Bu zaman xüsusi müdafiə vasitələrindən, maskalardan istifadə edilməlidir. Tozlu havada küçədə çox qalmaq olmaz”, - deyə Ziyəddin Kazımov vurğulayıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.