Mütəxəssislər, yuxu apnesi olan insanların səhər oyandıqda özlərini yorğun və yuxulu hiss etdiklərini bildirirlər.
Medicina.az xəbər verir ki, apnenin ən böyük təhlükəsinin xəstələrin gecələr oksigensiz qalmaları olduğu bildirilir.
Apnenin ilk növbədə kök, qısa boylu və qısa boyunlu insanlarda görüldüyünü qeyd edən Dr. Ali Rahimi yuxu apnesi və onun müalicəsi barədə danışıb.
“Apnenin ən böyük təhlükəsi xəstələrin gecələr oksigensiz qalması, yuxularının kəsilməsi və nəfəs darlığı səbəbindən beyinə xəbərdarlıq göndərilməsidir. Bu zaman beyin oyanmağa çalışır. Apne adətən 20-30 dəfə təkrarlanır və insanlar səhər oyandıqda özlərini yorğun və yuxulu hiss edirlər.
Gecə ərzində qanda oksigenin azalması ürəyin daim hipoksiyaya (ürək toxumalarında oksigenin azalması) daxil olmasına və uzun müddət davam edərsə, ürək problemlərinin yaranmasına səbəb ola bilər”.
Həkimin sözlərinə görə, müalicə üsullarına arıqlamaq və məşq etməklə qarın əzələlərini gücləndirmək daxildir:
“Bundan əlavə, spirt istehlak edənlər, allergiya dərmanları və ya antidepresantlar istifadə edənlər bu hal ilə qarşılaşa bilərlər. Bu insanlara 2 yastıqla və ya yan üstə yatmaq tövsiyə olunur”.
Apne səbəbləri arasında dil ölçüsü, çənə vəziyyəti, burun problemləri kimi bir çox faktorun olduğunu deyən Ali Rahimi qeyd edib ki, xəstələr yorğunluq şikayətilə gələndə ilk olaraq "yuxu otağı"nda bir gecə keçirmələri tövsiyə olunur və beləliklə apne indeksi müəyyən edilir:
"Müalicədə ilk üç əsas üsul bunlardır: çəki itirmək; təzyiqli oksigenin istifadəsi; əməliyyat".
Ali Rahimi yuxu apnesinin erkən yaşlarda infarkta səbəb ola biləcək ciddi sağlamlıq problemi olduğunu bildirib.
“Ona görə də simptomları olan insanlara erkən diaqnoz qoyulması və müvafiq müalicə üsulları ilə vəziyyətin nəzarətə alınması vacibdir. Apne riskini azaltmaq üçün həyat tərzində dəyişikliklər etmək də lazımdır. Beləliklə, yuxu apnesi ilə əlaqəli fəsadların qarşısını almaq və insanın həyat keyfiyyətini yaxşılaşdırmaq olar" , - deyə Ali Rahimi qeyd edib.
Aysel