Şəhər əhalisinin sağlamlığına ətraf mühitin vurduğu zərər və bunun qarşısını almaq üçün nələr etmək lazımdır mövzusunda ən böyük beynəlxalq elmi layihə Barselona Universitetinin alimləri tərəfindən başa çatdırıldı. Ümumdünya Səhiyyə Təşkilatının da qoşulduğu bu tədqiqatın nətivələri Lancet dərgisində dərc olunub.
Medicina.az xəbər verir ki, müəlliflər sistematik metanalizlər aparıb və yaşıllıqla şəhər əhalisinin sağlamlığı arasında əlaqənin olmasını öyrənən 9 uzunmüddətli araşdırmaların nəticələrini təhlil edib.
Bu elmi işlər ABŞ, İspaniya, İtaliya, Çin, İsveçrədə aparılıb.
Tədqiqatlar zamanı parklara və yaşıllıqlara yaxın ərazilərdə yaşayan insanlarla uzaqda yaşayan vətəndaşların xəstəlik tarixçələri tutuşdurulub.
Bütünlükdə 8 milyon insan hədəfə alınıb.
9 tədqiqatın nəticələri demək olar eyni olub: daha çox ağac, kol, yaşıllıq, otluq, park, meşəlik olan ərazilərə yaxın rayonlarda, binalarda yaşayan şəhər insanı daha sağlam və uzun ömür yaşayıb.
Əgər evdən 500 metr aralıya kimi məsafədə çox ağaclıq varsa, həmin binanın sakinlərinin ağciyər, ürək-damar xəstəlikləri və erkən ölüm riski 10% azalır.
Bu onunla izah olunur ki, yaşıl bitkilər şəhərin çirkli havasını təmizləyir, insanlar həmin parklarda gəzməkdən zövq alaraq həm stressini azaldır, həm ağciyərlərinə təmiz hava dolur. Həm də parklara yaxın yaşayanlar daha çox fiziki aktivlik göstərir. Onlar piylənmə və buna bağlı maddələr mübadiləsi pozulmaları, ürək-damar xəstəliklərindən az əziyyət çəkirlər. Parklara yaxın yerləşən binalarda uşaqların da sağlamlığı üstün olub.
Ona görə də alimlər şəhər rəhbərliyini və hökümətləri paytaxt və sənaye şəhərlərində yaşıllıq zolaqları, park və ağaclıqların, hətta ağac əkməyə imkan verilməyən yerlərdə otluq və kolluq əlməyə çağırıb. Dünya Səhiyyə Təşkilatı qeyd edir ki, yaşıllıq salmaq həmin şəhərlərdəki insanların sağıamlığına xərclənəcək vəsaitdən daha az xərc tələb edir.