Yay aylarında marketlərdə ən çox satılan məhsul sudur. İstidən təngməfəs olan alıcı suyun hansı marka, hardan olduğunun fərqinə varmadan alır və daha çox ucuz qiymətə olanlara üstünlük verir.
Medicina.az Media.az-a istinadən Azərbaycan bazarına çıxarılmış içməli suyun mənbəyi barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun açıqlamasını təqdim edir.
" Bu gün bazarda istehlakçıya təqdim olunan butulkada qablaşdırılmış suların 30%-i krant suyudur. Alıcı demək olar ki, aldığı, içdiyi suyun keyfiyyətini yoxlamaq imkanı yoxdur. Bunun üçün lazımi laborator ekspertiza da yoxdur”.
Eyyub Hüseynov bildirib ki, su alarkən ilk növbədə onun saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Gün altında qalan suları almaq olmaz.
Ekspert uşaqlar və məktəblilərə qazlı, şirin suların və energetik içkilərin satılmasının da qanunsuz olduğunu bildirib.
" Dövlət Standartlaşdırma komitəsinin standartlarına görə məktəb bufetlərində şirin qazlı sular və energetiklərin satılması qadağandır. Amma 60% məktəblərdə hələ də bu içkilər açıq satılır.
Bizim ölkəmizdə çox yaxşı qanunlar var, amma onların işləmə mexanizmi zəifdir. İstehsalçılar içkilərə müxtəlif süni dadlandırıcılar, rəng maddələri, qatqılar qataraq dozanı aşırlar.
3 il əvvəl mən belə bir eksperiment etdim: bir tikə əti adi suya və şirin qazlı suya qoydum. Şirin suda qoyulan ət 2 ay ərzində parçalanmırdı, ərimirdi, halbuki ayrıca ət və suda olan ət bu müddətdə xarab olmuşdu. Bu ondan xəbər verir ki, o sulara həddən artıq çox konservant qatılıb.
Həmçinin kağız, kardon qablaşmada olan sular, şirələr də zərərlidir. Natural, təbii şirə adı altında təqdim olunsa da, belə deyil – deyə ekspert alıcıları diqqətli olub, sağlamlıqlarını təhlükə altında almamağa çağırdı.