Saqqız çeynəməyin mənşəyi qədim dövrə gedib çıxır. Qədim mayalayar və yunanlar ağac qatranı çeynəyirlərmiş. Amerikalılar bu vərdişi immiqrantlardan götürüblər və günümüzə qədər gəlib çıxıb. Saqqız çeynəməyin faydalarını təqdim edir.
Medicina.az lent.az-a istinadən xəbər verir ki, çeynəyərkən fərqində olmasaq da, saqqız stressi azaltmağa kömək edə bilər. Stress cansıxıcı vəziyyət yaradan fiziki və zehni bir reaksiyadır. Fikriniz və bədəniniz vəziyyətlə üzləşməyə və ya vəziyyətdən qaçmağa hazırlaşır. Buna qaç və ya döyüş reaksiyası deyilir. Bəzən qaçmaq istəsəniz də, stressli vəziyyətlə mübarizə aparmaq məcburiyyətində qalırsınız. Məsələn, iş yerindəki anlaşılmazlıqlar və ya ailə problemləri kimi. Stress çox zaman xroniki hal alır və təsirləri həm fiziki, həm də emosional hallarla müşahidə edilir.
Xroniki stress yaddaşa və konsentrasiyaya pis təsir edir, çünki fikrinizi narahatlığa yönəldir. Sizi əsəbi edə bilər. Üzərinizdə çox yük olduğunu hiss edirsiniz və depressiya vəziyyətinə gəlib çıxırsınız. Həzm və immunitet sisteminə də təsir edə, yuxu pozula və əzələlər gərgin, ağrılı ola bilər. Bir çox insan dırnaqlarını yemək, spirtli içki, siqaret kimi pis vərdişlərlə stressin öhdəsindən gəlməyə çalışır.
Stressi azaltmaq üçün bir çox üsul mövcuddur. Bunların arasında meditasiya, dərindən nəfəs alma, idman, məşq və yoqa var. Araşdırmalara görə, saqqız çeynəmək stressi azaldan yollar arasındadır. Avstraliyada aparılan araşdırmalardan biri sübut edib ki, saqqız çeynəmək stress hormonu olan kortizol səviyyəsini aşağı salır. Bununla yanaşı, insanı gümrah saxlayır.
Saqqız çeynəmək stress azaltmağın digər yollarına nisbətən bəzi üstünlüklərə malikdir. İlk növbədə ucuzdur, asan tapılır və demək olar ki, hər yerdə, istədiyiniz vaxt saqqız çeynəyə bilərsiniz. Əgər stressli yığıncaq və ya dialoq əsnasında gözlərinizi bağlayıb, qısa bir meditasiya etmək istəsəniz, diqqəti üzərinizə çəkə bilərsiniz. Və ya gərgin bir günün sonunda məşq etməyə və yoqa ilə məşğul olmağa vaxtınız qalmaya bilər. Ancaq əksər hallarda ağzınıza bir saqqız atıb çeynəyə bilərsiniz.
Lakin səsli çeynəsəniz, bu, ətrafınızdakı insanları narahat edər. Bununla yanaşı, stressli vəziyyətlərdə yemək istəyən insanların kalorili yeməklər əvəzinə şəkərli saqqızlar çeynəməsi işə yaraya bilər. Stressi azaltmaq üçün şəkərsiz saqqız çeynəmək həm çəki, həm də dişləriniz üçün daha sağlam olar.