Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sanatoriyaya kimlər yollanılır? - QİYMƏTLƏRİ

  • 2018.06.29 23:18
  • 10171 Baxış
Sanatoriyaya kimlər yollanılır? -   QİYMƏTLƏRİ
2017-ci ildə Həmkarlar İttifaqları təşkilatları tərəfindən 8 sanatoriyaya, 1 müalicə pansionatına və 10 istirahət bazasına yollayışlar verilib. Bu sanatoriyaların 6-sı ilboyu, 2-si - müalicə pansionatı və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir.


Ötən illə müqayisədə 2018-ci ildə verilən yollayışların qiymətində demək olar ki, dəyişiklik baş verməyib.


Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.


N.Ağamirovun sözlərinə görə, sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların orta qiyməti 600-700 manatadır:


"Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır.


Sanatoriya və istirahət evlərinə yollayışlar Məcburi Dövlət Sosial Sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir.


İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir.


Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə: əgər ailə üzvü məcburi Dövlət Sosial Sığorta haqqı ödəyirsə onda ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəyir, əgər işləmirsə – MDSS ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər.


Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ vardır”.


Şöbə müdiri son iki ildə sanatoriya-kurort və istirahət ocaqlarında 140 mindən çox əməkçi və onların ailə üzvlərinin istirahət etdiiyini bildirib:


 

"90 min nəfərə yaxın işçinin və ailə üzvlərinin müalicə və istirahəti həmkarlar ittifaqları təşkilatlarının daxili imkanları hesabına təmin olunub. Ümumilikdə ilk həmkarlar ittifaqı təşkilatlarının öz üzvləri üçün təşkil etdikləri kütləvi gəzinti və istirahət də nəzərə alınmaqla 200 min nəfərə yaxın insan istirahət və müalicəyə göndərilib”.