Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Salatın Əsgərovanın oğlunun vəziyyəti ağırdır - "Başımı qoyub öləcəm"

  • 2022.08.05 17:40
  • 149324 Baxış
Salatın Əsgərovanın oğlunun vəziyyəti ağırdır -  "Başımı qoyub öləcəm"
Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə vəziyyətinin yaxşı olmadığı ilə bağlı paylaşım edib.


Bakupost.az xəbər verir ki, lakin o, qısa müddət sonra yazdıqlarını silərək “bir qıraqda öləcəm” sözlərini paylaşıb.

Jurnalist "Qafqazinfo"ya açıqlamasında səhhətində problemlərin olduğunu deyib:

“Bir həftə əvvəl sükan arxasında olanda qıcolma keçirdim. Sükanı saxladım, maşını birtəhər Semaşko xəstəxanasının yanına sürüb saxlaya bildim, təcili tibbi yardım gəldi. Ondan sonra İstanbula getdim və orada 1 həftə qaldım. Beyin damarımda qıcolma vardı, orda damarıma nəsə yerləşdirdilər. İndi gəlmişəm Bakıya, bağda idim, halım pisləşdi. Dostlarım və sürücüm gəldilər ki, məni götürsünlər. Dedim ki, məni xəstəxanaya aparsınlar. Xəstəxana ilə danışdılar, sonra xəstəxanaya getdim. Ora çatanda dedilər ki, bizə heç nə deyilməyib. İndi də qayıdıram bağa, başımı qoyub öləcəm”.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Adilova bildirib ki, C. Əsgərova Təcili Tibbi Yardım Briqadası göndərilib:

"Ceyhunla bağlı biz də ən az sizin qədər həssas və narahatıq. İndi də Təcili Tibbi Yardım Briqadası göndərilib. Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir.

Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur. Tezliklə şəfa tapmasını diləyirik!"

Qeyd edək ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. Hazırda isə Baku TV-də həftəlik proqramın aparıcısıdır.