Vitaminlər immunitet sistemini gücləndirir və insanı bir çox xəstəlik riskindən qoruyur. Hər vitaminin fərqli faydaları olsa da, orqanizmimizin bəzi vitaminlərə daha çox ehtiyacı var.
Medicina.az xəbər verir ki, Prof. Dr. Osman Müftüoğlu əvəzolunmaz iki vitamindən danışıb.
Osman Müftüoğlunun sözlərinə görə, vitaminlərin şahı D, kraliçası isə C vitaminidir:
“Bu iki vitaminin insan sağlamlığına yüksək faydası olmasına baxmayaraq, E vitamini, B vitaminləri və fol turşusu olmadan effekt gözləyə bilmərik”.
O, yalnız bir vitaminin demək olar ki, bütün problemə qarşı təsirli olduğunu açıqlayıb:
“D vitamini immunitetinizi qoruyur, şəkər xəstəliyinin qarşısını alır, şəkər və təzyiqi tarazlaşdırır, xərçəngdən qoruyur, ən əsası isə əzələləri gücləndirərək osteoporozun qarşısını alır. Əzələlərə təsiri sayəsində inkişaf yaşında olan uşaqların boyunun uzanmasına kömək edir”.
Osman Müftüoğlu C vitaminin də ən az D vitamini qədər faydalı olduğunu diqqətə çatdırıb:
“Çox güclü antioksidant mənbəyi olan bu vitamin dəmirin udulmasını artırır və immunitet sistemini gücləndirir. C vitamini bədəni zəhərli kimyəvi maddələrdən qoruya bilən bir neçə antioksidantdan biridir. Qidalanma yolu ilə bədənə qəbul edilən C vitamini ürək sağlamlığı üçün faydalıdır. Həmçinin göz xəstəliklərindən qoruyur və dəri qırışları üçün də faydalıdır. Bədəninizdə kifayət qədər C vitamini olması sağlamlığınız üçün böyük əhəmiyyət kəsb edir”.
Aysel