Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Sağlamlığın yolu elmdən keçir"- Səhiyyə nazirinin Zərifə Əliyeva barədə çıxışı

  • 2023.04.20 15:36
  • 1838 Baxış
"Sağlamlığın yolu elmdən keçir" - Səhiyyə nazirinin Zərifə Əliyeva barədə çıxışı

Bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileyidir.



"Medicina" xəbər verir kii Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbirində çıxış edib.

Azərbaycan tibb elminin ən parlaq və tanınmış simalarından olan Zərifə Əliyevaya həsr olunmuş tədbirin məhz elm məbədində - AMEA-da qeyd edilməsini rəmzi və qürurverici hadisə kimi qiymətləndirən Teymur Musayev bu yubiley tədbirinin görkəmli oftalmoloq alimə, onun elmi irsinə dövlətin, xalqın, elmi ictimaiyyətin sonsuz ehtiramının ifadəsi olduğunu söyləyib. Qeyd edib ki, Zərifə xanımın nəcib və şərəfli həyat yolunun, hər bir tədqiqatçıya örnək olan elmi fəaliyyətinin öyrənilməsi elmin təbliği, gənc alimlərin tədqiqat işlərinə ruhlandırılması baxımından da böyük əhəmiyyət kəsb edir.



“Zərifə xanım öz elmi fəaliyyəti ilə sübut edib ki, sağlamlığın yolu elmdən keçir, xəstəliklərin qarşısının alınması, müalicəsinin tapılması üçün elmi araşdırmalar praktik həkimlik fəaliyyəti qədər, ondan da çox əhəmiyyət daşıyır. Zərifə xanımın namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də o dövrdə həllini tələb edən ciddi məsələlər idi. Zərifə xanımın tədqiqatları sayəsində bu tibbi-sosial problemlərin həlli mümkün oldu”, - deyə Teymur Musayev diqqətə çatdırıb.


Akademik Zərifə Əliyevanın peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaratdığını, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin öz iş yerində araşdırdığını deyən nazir alimin bu tədqiqatı ilə elm aləmində yeni istiqamət – peşə oftalmologiyasının əsasını qoyduğunu, bu sahədə elmi araşdırmalarının uğurlu nəticələrinə, ümumilikdə, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü, bu mükafatla təltif edilən ilk qadın alim olduğunu söyləyib.

“Zərifə xanım vəfalı ömür-gün yoldaşı, yaxşı ana idi. Xoşbəxt ailə həyatı Zərifə xanımın da peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu Öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu. Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva vətənimiz üçün iki ləyaqətli, vətənpərvər övlad böyüdüb. Zərifə xanımın adı Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq da tariximizə əbədi yazılıb. Səhiyyəmizin tərəqqisində, bu sahədə qazanılan nailiyyətlərdə Zərifə xanım ocağının nümayəndəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti var”,.


Aygün Musayeva