Okinava əhalisinin uzunömürlülük sirri hələ ötən əsrin 80-ci illərindən dünya mətbuatı və həkimlərin diqqətini çəkmişdi. O zaman Ginnes kitabına düşən ən uzunömürlü sakin İzumidən müsahibə almaq üçün mütəxəssislər yapon torpaqlarına getdilər.
İzumi 115 yaşında özünü gümrah hiss edir, gəzir, danışır və yaxşı görünürdü. Onunla görüşə gedənlər gördülər ki, həmin ətrafda təkcə bu insan uzun ömür sürmür, qonşuluqda 100 yaşına çatan xeyli insan yaşayır.
Okinavada orta ömür qadınlarda 92, kişilər üçünsə 88 yaşdır. Bu şəhərin sakinləri digər Yaponiya sakinlərinə nisbətən 15 il artıq ömür sürür.
"Qeyri-tipik yaponlar” adını almış Okinava fenomenin araşdırılması üçün xeyli işlər aparılıb. Hətta National geographic "Mavi Zona” layihəsi ilə bu zonanı öyrənib. Alimlər bildirir ki, Okinava sakinləri müasir dünyanın qaydalarına qarşı sərt təpki göstərir, öz torpaqlarında yetişdirdikləri məhsulu yeyirlər. Onlar doğma yerlərdən uzağa getmirlər. Çünki Okinava sakini yaşadığı yeri dəyişən kimi uzunömürlülük fenomeni pozulur, tez qocalır və xəstələnirlər.
Ona görə alimlər belə nəticəyə gəlib ki, bu insanların sağlamlığının sirri: yeməklərində, aktiv həyat tərzində, ruhi mənəvi amillərdə və özlərinə əminlik, müasir qanunlardan uzaq durmaqdadır.
Araşdırmalar Okinava sakinlərinin sağlıq durumunu ABŞ-da eyni yaşda insanlarla müqayisə etdikdə onların ürək infarktından 8 dəfə az öldüyü, prostat və süd vəzi xərçənginə 8 dəfə az tutulduğu, onların 80 yaşında 60 yaşlı amerikalı kimi göründüyü məlum olub.
Bütün bunları nəzərə alaraq, medicina.az Okinava əhalisinin uzunömürlülük sirlərindən olan qidalanma tərzini təqdim edir:
-Onların qidasında transyağlar, rafinə olunmuş ərzaqlar, şəkər, yağlı süd məhsulu yoxdur
-Hər gün dəniz məhsulu, balıq, tərəvəz, meyvələr yeyirlər.
-Alimlər bildirir ki, okinavaliların qidasının 85%- karbohidrat, 9% zülal, 6% yağlar təşkil edir.
-Onlar dənizdən çıxan və torpaqda bitən hər şeydən yemək hazırlamağı öyrəniblər.
-Hələ XVII əsrdə Çindən gələn şirin kartof onların başlıca qidasıdır. Bənövşəyi kartof sortundan onlar yemək, qarnir, desert, hətta dondurma da hazırlayırlar.
-İkinci yerdə düyü gəlir. Lakin onların düyüsü bizim marketlərdən aldığımız ağ, emal olunmuş düyü deyil
-Onlar yemiş, reyhan, kabaçki, sarımsaq, badımcan, qarğıdalı, kələm, bambuk, göyərti çox yeyir.
-Az qala hər həyətdə bitən bağayarpağı isə daim masa üzərindədir.
-Okinavada duz az istifadə olunur. Bütün Yaponiyada ən az duzlu yemək onlardadır. Lakin onların xüsusi yerli duzları var ki, xrom və selenlə zəngindir.
-Dəniz məhsulları ilə yanaşı, bitkilələri, yosun da yeyirlər. Çünki yosun az kalorili, yod, dəmir, kalsiylə zəngindir.
-Ət isə demək olar ki, menyuda yoxdur. Yalnız bir donuz növü var ki, onun piyini, yağını çəkib, yeməklərdə istifadə edirlər.
Donuzun ayaqlarından bizdəki xaşa bənzər yapışqana bənzər şorba bişirirlər.
-Əhali mağazalardan alınma qablaşdırılmış şirniyyat, içki içmir. Ayaqüstü fast food, qəlyanaltı etmir.
-İstənilən yeməklərində istiot, xren, sarıkök, zəncəfil, sarımsaqdan nəsə var.
Mənəvi toxluq
Adanın sakinləri günə belə başlayır: Gün çıxdısa, həyat var, yemək var.
Onlar hər vəziyyətdə sakitliklərini əldə vermir. Hesab edirlər ki, narahat beyin xəstəliklərin səbəbkarıdır.
Onlar süfrə arxasına pis əhvalda oturmazlar. Tək yemək onlarda qadağandır. Ailənin yaşlı üzvü masanın başında əyləşir, çörəyə, yeməyə birinci o əlini uzadır.
Çəncəl-qaşıq əvəzinə çubuqlardan istifadə edirlər. Masada yalnız 3 cür yemək, o da növbə ilə gəlməlidir. Yeməyi tələsmədən yeyirlər.
Sonda mütləq yasəmən, jasmin çayı içilir.
Onlar parklarda, bağlarda piyada gəzir, qaçır, hətta 80 yaşında belə qaçış marafonlarına qoşulurlar.
QEYD:
Adada Yaponiyanın digər regionlarının sakinləri və xarici pasiyentlər üçün xüsusi klinikalar var ki, onları Okinava pəhrizi və metodları ilə müalicə edirlər.