“Bizim dövrdə narkomanları açıq şəkildə hər kəs tanıyardı və onlardan uzaq durmağa çalışardı. İndi isə təhlükə daha böyükdür. Çünki narkomaniyaya qurşananlar uzun müddət bunu həm cəmiyyətdən, həm də doğmalarından gizlədə bilirlər. Digər tərəfdən isə narkotikin alışı onlar üçün əlçatandır. Artıq orta məktəb şagirdləri belə sürətlə bu sonu olmayan bəlaya düçar olurlar”.
"Medicina" xəbər verir ki, bunu tanınmış ekspert sfera.az-a Elnur Fərzəliyev deyib. O bildirib ki, narkomaniyaya qurşananların sayı dayanmadan artır və daha çox azyaşlı yeniyetmələr bu iyrənc yola cəlb olunurlar.
“Hər bir insanın içində ictimai qınaq qorxusu olur. Narkomaniyaya qurşananlar ilk olaraq bunu hər kəsdən gizlədir və qısa müddətdən sonra bu vərdişdən uzaqlaşa biləcəklərini düşünürlər. Lakin bu bəlanın özü və insanı bu yola çəkən şəxslər heç bir halda təkbaşına bundan qurtulmağa imkan vermirlər.
Buna görə də təklif edərdim ki, orta təhsil müəssisələrində 7-ci sinifdən 11-ci siniflərədək, ali təhsil müəssisələrində isə birinci kurslardan magistr tələbələrinə qədər hər bir şagird və tələbələrdən hər 3 aydan bir narkomaniyanı müəyyənləşdirən analizlər, narkotestlər götürülsün”.
Ekspert əlavə edib ki, bu yolla həm narkomaniyaya yeni qurşanmış insanları müəyyən edib zamanında müalicə etmək olar, həm də digərləri ictimai qınaqdan, valideynlərinin xəbər tutmasından və başqa amillərdən çəkinərək bu yola qurşanmazlar:
“Bu cür narkotestləri nəinki təhsil müəssisələrində, həmçinin digər böyük müəssisələrdə də tətbiq etməklə təbii yolla insanlarımızı bu uçurumdan qurtara bilərik”.