Son zamanlar həkim pasiyent münasibətlərinin çətinləşməsi, həkimlərin xəstələrə gəlir mənbəyi kimi baxdığı kimi fikirlər, bir çox xəstələrin isə tibbin tamam pulsuz olması tələbi fikirlər cəmiyyətdə həkimləri peşəsindən soyudur.
Fleboloq cərrah İsmayıl Əsgərov insanlarımızın malına, xarici gönüşünə, hətta maşınına da canından çox dəyər verdiyini və pul xərclədiyini bildirib. O, sosial şəbəkədə maraqlı açıqlama edib.
"Maşınında kiçik bir titrəyiş, səs gəlsə dərhal ustaya gedir. Kompüter yoxlanışı, dəyişilən bahalı "zapçastlar” və s. Amma canına çatanda. Ən son məqamda ağırlaşmış vəziyyətdə müraciət edir, analizsiz diaqnoz tələb edir. Heç maşın ustasına maşını düzəltmək borcundur deyən gördünüzmü?
Amma mən həkimin üzünə bunu deyən yüzlərlə insan gördüm.
Ötən ay ayaqlarının vena dopplerinə gecikən xanım pasiyentimiz 2 ayağın dopleri və həkim qəbuluna birgə 50 manat ödənişin baha olmasından gileylənirdi. Söhbət əsnasında bu qədər gecikmə səbəbinin saç ustası olduğunu dedi. Ombre saçların 150-200 manat olduğunu, qiymətlərin Türkiyədən ucuz olmasını deyirdi. Mən isə gülümsədim. Çünki belə düşüncə sahibi ilə nəyisə müzakirə etməyin mənası yoxdur.
Tibbi təhsil almaq, oxumaq çox çətindir. Hələ 600-dən yuxarı bal toplamaq, illərlə oxumaq və s.
90 santimetrlik kabelə 1 metr adı ilə satan belə həkimdən haqq istəyir.
Malının ustasına canının ustasından daha çox dəyər verdikcə, yaxşı can ustaları itiriləcək, mal-mülk ustaları yetişəcək.
Sağlamlıq həyatda hər şey demək deyil, amma sağlamlıq olmadıqda hər şey heç nədir”.