Saç tökülməsi müxtəlif amillərin, o cümlədən düzgün qidalanmamanın nəticəsi ola bilər.
Medicina.az xəbər verir ki, trixoloq, dermatoloq Anastasiya Berendyayeva “Gazeta.Ru”ya hansı məhsulların saçın sağlamlığını qorumağa kömək etdiyini açıqlayıb.
“Saç tökülməsinin inkişafının mexanizmləri mürəkkəbdir. Onların böyüməsinə və quruluşuna bədəndə zülal, kalori çatışmazlığı və mikroelement çatışmazlığı təsir göstərə bilər. Kəskin saç tökülməsi ani kilo itkisinin və ya kalori qəbulunun azalmasının nəticəsi ola bilər. Bir çox xəstə müalicə axtarışında qidalanma ilə bağlı tövsiyələr istəyir. Nəzərə almaq lazımdır ki, çatışmazlıqları aradan qaldırmaq üçün təkcə qidalanma kifayət olmaya bilər”, - deyə trixoloq bildirib.
Onun sözlərinə görə, qida çatışmazlığı əsasən aşağıdakı hallarda yaranır:
- hamiləlik dövründə (əsasən dəmir, fol turşusu, sink çatışmazlığı),
- kifayət qədər günəşə məruz qalmadıqda (vitamin D),
- Veqan/vegetarian qidalanma zamanı (dəmir, sink),
- Yumurta ağının həddindən artıq istehlakı (biotin),
- Yaxşı qidalanmama (multivitamin çatışmazlığı).
Mütəxəssis bildirib ki, dəmir əskikliyi daha çox rast gəlinən haldır:
“Ancaq dəmirin saç böyüməsinə təsir mexanizmi mürəkkəbdir və xəstəyə fərdi yanaşma tələb edir. Pəhrizdə qaraciyər, qırmızı ət və tünd şokolad kimi qidaların olub-olmadığına diqqət yetirmək lazımdır”.
Onun sözlərinə görə, sağlam saçlar üçün vacib olan digər vacib mineral sinkdir:
“Sink çatışmazlığının inkişaf riski daha çox veqan və vegeterian qidalanma zamanı artır. Çünki tərəvəzlərdəki sink ətdəki kimi effektiv deyil. Tərkibində sinki bloklayan və onun udulmasına maneə törədən maddələr olan paxlalı bitkilərin və tam taxılların çoxlu miqdarda istehlakı vəziyyəti daha da ağırlaşdırır”.
Həkim pis qidalanmanın isə doymamış yağ turşularının, xüsusən də omeqa-6, omeqa-3 çatışmazlığına, həmçinin oksidləşdirici zərərdən qorunmaqda rol oynayan seleniumun çatışmazlığına gətirib çıxardığını qeyd edib:
“Buna görə də, çərəzlər, qızılbalıq, ət, quş əti, göbələklər menyuya daxil edilməlidir. Fol turşusu ilə zəngin olan yaşıl yarpaqlı tərəvəzləri də unutmayın”.
O, həmçinin qeyd edib ki, mədə-bağırsaq sisteminin vəziyyətinə nəzarət etmək də vacibdir.
“Alopesiya isata və androgenetik alopesiya olan xəstələrdə bağırsaq probiotik və prebiotiklərinin qəbulunun saç artımına müsbət təsir göstərdiyinə dair sübutlar var”, - deyə trixoloq vurğulayıb.
Aysel