Saç əkimi əsasən saç dərisinin ön və üst hissələrində yaranan keçəl bölgələrin ənsədəki saçlardan əldə edilən saç kökləri ilə doldurulması prosesidir.
Medicina.az xəbər verir ki, Saç transplantasiyası müalicəsi Başkent Universiteti Konya Xəstəxanası Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə şöbəsində aparılır. Şöbənin uzman saç əkimi transplantoloqlarının hazırda xəstələrdə 90% effektiv nəticə alan metodları barədə açıqlamasını təqdim edirik:
Günümüzdə iki əsas etibarlı saç əkilməsi üsulu var.
Follikulyar (parça) transplantasiyası (Follicular Unit Transplantation)
Bu üsulla ənsə nahiyəsindən təxminən 12x3 sm uzunluğunda saçlı dəri götürülür, həmin dəridəki köklər follikulyar hissələrinə ayrılır və keçəl bölgəyə yerləşdirilir. Lakin bu metodun bəzi mənfi təsirləri var. Prosesdən sonra ənsə nahiyəsində təxminən 12-15 sm uzunluğunda çapıq qala bilir və bəzi xəstələrdə hipertrofik çapıqlar daha çox müşahidə edilir.
Follikulyar (parça və ya modul) ekstraksiya (Follicular Unit Extraction)
Bu, mikromotor adlı cihazla ənsə nahiyəsindəki köklərin bir-bir alınması üsuludur. 2004-cü ildən tətbiq olunan bu metodda boyun arxasında cərrahi iz - çapıq qalmır. Lakin proses həm xəstə, həm də həkim üçün daha uzun çəkir. Bundan əlavə, nisbətən nazik saçlı xəstədən çox miqdarda saç kökü götürüləndə ənsə nahiyəsində nəzərəçarpacaq dərəcədə keçəllik yaranır. Bu prosedur mütəxəssislər və ya kifayət qədər təcrübəsi olmayan insanlar tərəfindən həyata keçirilərsə, boyunda qalan digər köklər də zədələnə və seyrək saç görüntüsü riskini artıra bilər.
Həmçinin son illər PRP (Platelet-Rich Plasma- trombositlərlə zəngin plazma) metodu gündəmdədir. Bu üsul dərinin cavanlaşmasından oynaq xəstəliklərinə qədər bir çox tibb sahəsində istifadə olunur. PRP-nin tətbiqində xəstənin bədəninin digər bölgələrindən qan götürülür, sentrifuqadan keçirilərək, qan laxtalanmasını təmin edən trombositlər ayırd edilir və lazımlı bölgəyə inyeksiya edilir. Tərkibindəki böyümə faktorlarının təsiri ilə saçlı bölgədə qan təchizatını artırır və saç köklərində yeni saçların yaranmasına müsbət təsir göstərir. PRP saç əkimi ilə birgə həyata keçirildikdə əkilən köklərin özünü tutma dərəcəsi artır.
Əməliyyatdan əvvəlki müayinə
Saç əkimi prosedurunu planlaşdırmadan əvvəl keçəlləşən və tökülməyə davam edən bölgələri müəyyənləşdirmək ən vacib müayinə meyarıdır. Bir xəstənin saç əkimi üçün uyğun şərtlərə sahib olub-olmaması bu müayinədən sonra müəyyənləşdirilir.
Saç əkimini düşünən insanların əksəriyyəti əməliyyat öncəsi və sonrakı mərhələlərə görə narahatlıq keçirirlər. Bu narahatlıqların əsas səbəbləri müxtəlif fikirlər, bəzi qeydiyyat saytları və hətta bəzi həkimlərin səbəb olduğu informasiya kirliliyidir. Əməliyyatdan əvvəlki görüşmədə xəstənin saç tökülməsinin mövcud vəziyyəti və gözləntiləri qiymətləndirilir. Daha sonra saç kökü analizi ilə götürüləcək saç köklərinin miqdarı müəyyənləşdirilir. Son olaraq isə xəstə üçün qənaətbəxş nəticənin neçə seans sonra əldə ediləcəyi dəqiqləşdirilir. Əməliyyatdan əvvəl fotoşəkillər çəkilir və xəstə ilə birlikdə saç əkiləcək bölgənin sərhədləri müəyyən edilir.
Əməliyyatdan əvvəlki müddət
• Xəstənin varsa mövcud xəstəlikləri və içdiyi dərmanlar müəyyən edilir. Xüsusilə qanı duruldan (aspirin, antikoagulyant dərmanlar, ibuprofen ehtiva edən ağrıkəsici törəmələri) və damar genəldici dərmanlar prosedurdan əvvəl dayandırılmalıdır.
• Alkoqol, siqaret və kofein istifadəsi dayandırılmalı və ya ən azından minimuma endirilməlidir.
Əməliyyat
Saç əkimi steril xəstəxana şəraitində və xəstənin vəziyyətindən asılı olaraq yerli anesteziya - yəni oyaq vəziyyətdə və ya sedasiya ilə tətbiq olunan üsulla aparılır. Tibbi biliyi və saç əkimi sahəsində təhsili olmayan insanlar tərəfindən həyata keçirilərsə, həm estetik, həm də sağlamlıq baxımından xoşagəlməz nəticələr ortaya çıxa bilər.
Saç əkimi əməliyyatı FUE üsulu ilə əkiləcək kök sayına görə dəyişir və təxminən 6-8 saat davam edir. Prosedurun ilk yarısında ənsə nahiyəsindəki köklər götürülür və xəstə buna uyğun olaraq üzü üstə uzandırılır. İkinci mərhələdə isə xəstə beli üstə uzanır və transplantasiya həyata keçirilir. Bu proses ərzində 3-4 nəfərlik heyət birlikdə çalışır.
Əməliyyatdan sonrakı mərhələ
Əməliyyatdan dərhal sonra həm kök alınan, həm də saç əkilən bölgələr sarğıya alınır. Daha sonra xəstəyə lazımi dərmanlar təyin edilir və evə buraxılır. Prosedurdan iki gün sonra qapalı sarğı açılır və bütün saçlı bölgə dərmanlanmış şampunla yuyulur və qurudulur.
Nəmləndirici gündəlik sarğı prosesi izah edildikdən sonra xüsusilə açıq havada transplantasiya olunmuş bölgəyə toxunmayacaq şəkildə papaq istifadəsi tövsiyə edilir. Vəziyyətdən asılı olaraq, təxminən 1 həftə sonra poliklinikada müayinə həyata keçirilir. 20-ci gündən sonra köklərin götürüldüyü bölgədə saç tellərinin çoxu tökülməyə başlayır. Təxminən 2,5-3 aydan sonra tökülən saçların əvəzinə yeni tüklər çıxır. Transplantasiya olunan bölgənin təbii və son halı isə ən az 3-4 saç tökülməsindən sonra bəlli olur. Başqa sözlə, bütün nəticələr təxminən 1 ildən sonra özünü tam formada göstərməyə başlayır.
Bu gün insanların cəmiyyətdəki münasibətlərini və psixoloji rahatlığını təmin edən ən vacib amillərdən biri xarici görünüşdür. Saç tökülməsi və ya keçəlləşmə xüsusilə kişilərdə imic baxımından əskiklik hissi yaradan və cəmiyyətdə zəif hiss etdirən amildir. Saç əkimi bu problemin həllində ən təsirli üsuldur. Bununla birlikdə, hər xəstənin vəziyyətinin fərqli olduğunu, nəticələrin hamı üçün eyni olmayacağını unutmamaq lazımdır. Ancaq bu halda gözləntilər və prosesin nəticəsi daha qənaətbəxş ola bilər.
Qeyd: Saç transplantasiyası müalicəsi Başkent Universiteti Konya Xəstəxanası Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə şöbəsində aparılır.