Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabunçu xəstəxanasında əkiz doğulan körpələrdən biri oğurlandı- İDDİA

  • 2020.08.07 18:18
  • 4873 Baxış
Sabunçu xəstəxanasında əkiz doğulan körpələrdən biri oğurlandı - İDDİA

"Sabunçu" xəstəxanası kimi tanınan 3 № li Şəhər Klinik Xəstəxanasında yenicə ana olmuş Aytən Namazova uşağının oğurlandığını iddia edir.

Medicina.az xəbər verir ki, dominant.az-a danışan şikayətçi Aytən Namazovanın dediyinə görə, o, əkiz uşağa hamilə olsa da, həkimlər doğuş zamanı ona ancaq bir uşağın dünyaya gəldiyini bildiriblər:

“Hamiləliyimin 6 həftəsində həkimə getmişəm, hamilə olduğumu bilmirdim. USM müayinəsində həkim əkiz uşağa hamilə olduğumu deyib. Karantin müddətində həkimə çox gedib-gələ bilməsəm də, 3 dəfə USM müayinəsində olmuşam, hər üçündə də əkiz hamiləlik göstərib. 31 iyulda doğuş sancılarım tutub, təcili tibbi yardım çağırmışıq.

Təcili tibbi yardım məni “Sabunçu” xəstəxanasına apardı, məni doğuşa Xatirə adlı həkim (soyadını xatırlamır - red.) götürdü.

Doğuşdan öncə uşağın rək döyüntülərini yoxlamaq üçün qarnıma aparat qoşdular, əkiz uşaqların olduğuna əmin oldular. Sancım gücələnəndə isə məni doğuşa götürdülər, birinci uşağım dünyaya gələndə səsini eşidə bilmədim. Burnuma nəfəs aparatı qoşmuşdular, sanki çalışırdılar ki, uşağın səsini eşitməyim.

Birinci uşaq dünyaya gələndən sonra burnuma qoşulmuş nəfəs aparatını çıxartdılar, birinci uşağın doğulduğunu soruşdum. Mənə dedilər ki, “yox, uşaq doğulmadı, böyük bayıra çıxdın”. 5-10 dəqiqədən sonra yenidən sancılar başladı və ikinci uşaq dünyaya gəldi. Dedilər ki, “qızın oldu, təbrik edirik””.


“Mən etiraz elədim ki, axı iki uşağa hamilə idim, dedilər ki, yox, elə bir uşaq idi, o bir uşaq da burdadı. Çaşıb qaldım, ilk dəfə deyildi, ana olurdum, mən dəqiq bildim ki, uşaq dünyaya gətirmişəm, böyük bayıra çıxmaq da nədir. Mənə orada nəsə dərman etdilər ki, özümdə olmayım, indi təsiri keçdikcə hər şeyi daha yaxşı xatırlayıram. Doğuş stolunda olanda məndən təkidlə soruşurdular ki, "evdə nəyin var", mən də evdə oğlumun olduğunu bildirdim. Onlar da bundan istifadə edib dünyaya gətirdiyim oğlanı aradan çıxartdılar, qızı mənə verdilər”, - deyə şikayətçi qeyd edib.



A.Namazovanın bildirdiyinə görə, bu barədə artıq hüquq-mühafizə orqanlarına məlumat verilib: “Polisə məlumat vermişik, ərizə yazmışıq. Uşağımı tələb edirəm, ölübsə, ölüsünü, sağdırsa, dirisini istəyirəm. Mən bu məsələnin araşdırılmasını və günahkar şəxslərin cəzalanmasını tələb edirəm. Xəstəxanaya çox gedib-gəlməyə imkanım olmayıb, bu, o demək deyil ki, mən uşağımı satıram. Belə hadisələrin mənim kimi başqalarının da başına gəlməməsi üçün günahkar şəxslər həbs olunmalıdır”.



Aytən Namazovanı hamilə ikən müayinə etmiş USM həkimi Şərqiyyə İbrahimova Dominant.az-a açıqlamasında qadının əkiz uşağa hamilə olduğunu təsdiq edib: “Aytən xanımı mən xatırlayıram, o, əkiz uşağa hamilə idi. USM müayinəsinin cavabı ilə fotolar da var və o fotolardan da aydın görünür ki, xanım əkiz uşağa hamilə idi. Uşaqların ürək döyüntülərini də dinləmişdim, dəqiq əminəm ki, əkiz uşaq idi”.


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Dominant.az-a bildirib ki, ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək.

TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Rəvanə Əliyeva da Dominant.az-a açıqlamasında bildirib ki, polisə məlumat verildiyinə görə, hüquq-mühafizə orqanları məsələni araşdıracaq.

Mövzunu davam etdirəcəyik. İttiham olunan xəstəxananın və həkimin mövqeyini öyrənməyə çalışacağıq.