Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sabunçu xəstəxanasında 2 uzman həkim fəaliyyətə başlayıb

  • 2023.11.18 19:16
  • 11118 Baxış
Sabunçu xəstəxanasında 2 uzman həkim     fəaliyyətə başlayıb


Uzman həkimlər - Leyla Mercan və Sait Mercan Sabunçu Tibb Mərkəzində fəaliyyətə başlayıblar.

"Medicina" xəbər verir ki, TƏBİB məlumatına görə, Leyla Mercan 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2007-2016-cı illərdə həkim-terapevt olaraq Bakıda özəl tibb müəssisəsində çalışıb.

2016-cı ildə Türkiyədə uzmanlıq təhsili almağa başlayıb. 2017-2022-ci illər ərzində Ankaradakı Hacettepe Universitetində anestezioloq-reanimatoloq üzrə assistant vəzifəsində fəaliyyət göstərib. 2022-ci ildə uzman anestezioloq-reanimatoloq adını qazanıb.

2020-ci il tarixində assistanlığı donduraraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "REACT C-19" layihəsinin həkimi seçilərək Azərbaycanın müxtəlif xəstəxanalarında “COVID-19” üzrə reanimasiya şöbələrində çalışıb. Daha sonra 44 günlük Vətən müharibəsi dövründə könüllü həkim kimi fəaliyyət göstərib.

2023-cü ilin avqustundan etibarən Sabunçu Tibbi Mərkəzində həkim-anestezioloq-reanimatoloq kimi çalışmağa başlayıb.

Uzman həkim Sait Mercan isə 2000-2007-ci illərdə İran Tibb Universitetində təhsil alıb. O, 2007-2014-cü illərdə təcili tibbi yardım həkimi olaraq çalışıb.

2015-ci ildə Türkiyədə uzmanlıq təhsilinə başlayıb. 2015-2020-ci illərdə Ankaradakı Hacettepe Universitetində beyin və sinir cərrahiyyəsi üzrə assistant kimi fəaliyyət göstərib.

2020-ci ildə uzman həkim-neyrocərrah adını qazanıb. 2020-2021-ci illərdə Ankarada, 2021-2023-cü illərdə Vanda həkim kimi çalışıb.

2023-cü ilin noyabr ayından etibarən Sabunçu Tibb Mərkəzində həkim-neyrocərrah kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, uzman həkimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində fəaliyyətə başlayıblar.

07.10.2023-cü il tarixində saat 14:15 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2020-ci il təvəllüdlü azyaşlı ağır vəziyyətdə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilmişdi.

Azyaşlıda huşsuzluq, tənəffüs pozğunluğu müşahidə olunurdu və ona açıq-kəllə beyin travması, baş-boyunun əzilməsi, qarın nahiyəsinin küt travması, sağ qulağın qanaması diaqnozları qoyulmuşdu.

Sabunçu Tibb Mərkəzinİn Reanimasiya şöbəsinə yerləşdirilən uşaq, şöbənin müdiri Namiq Dəmirçiyev və uzman həkim Leyla Mercan tərəfindən müayinə olunub.

Xəstənin damar yolları açılaraq müvafiq infuziyalar aparılıb. Burun, ağciyər yolları intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Həmçinin müvafiq USM müayinəsi olunaraq, analizlər götürülüb.

Azyaşlı müalicəsinin davamı üçün Leyla Mercanın da müşaiyyətilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Həkim-neyrocərrah Rövşən Bağırovun müşahidəsi altında davam edən müalicənin nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib və süni tənəffüs aparatından ayrılıb. 17.10.2023-cü il tarixində azyaşlı tamamilə sağlamlığına qovuşaraq ambulator müalicə üçün evə buraxılıb.

Aygün M