Rusiyada elektron siqaretlərdə dadlandırıcıların istifadəsi qadağan edilib.
Medicina.az xəbər verir ki, Dövlət Duması elektron siqaretlərdə dadlandırıcıların istifadəsini qadağan edən, həmçinin tütünsüz nikotin məhsullarının istehsalına dövlət nəzarəti tətbiq edilməsini nəzərdə tutan qanun qəbul edib.
Dövlət Dumasının Sənaye və Ticarət Komitəsinin sədr müavini Aleksandr Spiridonov deyib ki, “bu cür məhsullarda ətirli maddələrin olması qadağan ediləcək”.
“Bu məhsulların cəlbediciliyini və nikotin asılılığını artıran əlavələri də qadağan edirik. İnsanların sağlamlığını qorumaq üçün məhsulun tərkibindəki nikotinlə bağlı məhdudiyyətlər tətbiq edirik. Bundan əlavə, indi ölkəmizdə “snus” istehsalı tamamilə qadağan ediləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, elektron siqaretlərə müxtəlif dadlandırıcılar, boyalar, nikotin duzları, ammonium və ammonyak, asetaldehid, şəkər əlavə edilir. Bu maddələrin bəziləri zərərli olmaqla yanaşı, tüstüsüz tütün məmulatlarının cəlbediciliyini artırır və onlardan asılılıq yaradır.
Yeni qərara görə, bu məhsulların tərkibindəki nikotin hər bir məhsulda 10 milliqramı keçməməlidir.
Nikotin asılılığını artıran və qadağan olunan boya və əlavələrin konkret siyahısını Nazirlər Kabineti müəyyən edəcək.
Həmçinin bu cür məhsulların qablaşdırılmasına onların zərərsiz və ya zərərinin cüzi olduğu barədə məlumatların daxil edilməsi qadağan edilir.
Spiridonov daha bir yenilik barədə isə bunları deyib:
“Sentyabrın 1-dən kağız aksiz markaları siqaret qutularından silinəcək və onları xüsusi rəqəmsal markalar əvəz edəcək. Kağız markalı siqaret qutuları satılana qədər dövriyyədə olacaq. Bundan sonra yalnız rəqəmsal möhür olacaq. Bu, istehsaldan istifadəyə qədər bütün yolu izləməyə imkan verəcək. Bu yolla biz vətəndaşlarımızı saxta mallardan qoruya və bazarı “ağlaşdıra” bilərik”.
Aysel