Rusiya parlamentinin aşağı palatasının 5 deputatı təkrar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bu barədə bu gün Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda bildirib.
Onun sözlərinə görə, ötən gün aparılan test nəticəsində daha 11 deputatın koronavirusa yoluxduğu məlum olub: “Bundan əlavə, ən çox narahatedici məqam 5 deputatın təkrar bu virusa yoluxmasıdır. Antitel işləməyib, onlar yenidən virusa yoluxublar. Ümumilikdə, bu günə kimi 157 deputat koronavirusa yoluxub və sağalıb. Hazırda xəstəxanada müalicə olunan deputatlar da var”.
Dumanın spikeri xəstəliklə bağlı vəziyyətin sadə olmadığını qeyd edib. O, deputatları vətəndaşlara nümunə olmağa və Yeni ili evdə keçirməyə çağırıb.