Azərbaycanda uşaqdan böyüyə çox insanın bir dərdi var: burun tutulması dediyimiz, bəzən allergiya, " artıq ət” var deyib üzərindən keçdiyimiz Rinit.
Rinit burunun selikli qişasını zədələnməsi, iltihabı ilə gedən spesifik simptomatikadır.
Səbəbləri:
Çox zaman bu patologiya buruna və yuxarı təməffüs yollarına istənilən növ virus və bakteriyaların düşməsi ilə başlayır. Eləcə də allergik reaksiyalar da pozuntulara səbəb olur.
İnsanın peşəsi, sənəti, iş yeri ilə bağlı səbəblərdən də rinit yarana bilər: travma, toz, kimyəvi maddələr, havasızlıq, allergik risk və s.
Yaranma səbəbindən asılı olaraq rinitin 2 növü var:
1.Vazomator – sinir-reflektor mexanizmin pozulmasıdır ki, bu zaman xaricdən burnun selikli qişasına qıcıqlandırıcılar daxil olur. Bura allergiya da aiddir.
2.İnfeksion – burnun florasına infeksiyanın düşməsindən yaranır. İnfeksion rinit kəskin və xroniki olur.
Kəskin rinit: patogen bakteriya və virusların təsiri sayəsində immunitet zəifliyi səbəbindən iltihabi proses başlayır və tez müddətdə inkişaf edir. Öz inkişafı boyu o bir neçə mərhələdə davam edir. İlkin mərhələdə infeksiya agentləri burun boşluğuna çatıb, onun selikli qişasını qıcıqlandırır. Bu zaman burunda qaşınma, qıcıqlanma, yanma hissi olur, burun içi quruyur. Ümumi intoksikasiya əlamətləri olaraq baş ağrıları və azca hərarət ola bilər.
İkinci mərhələdə çoxalan selik, burundan su gəlir. Selikli qişa şişir, nəfəs alma çətinləşir, xəstə ağzı ilə nəfəs almağa başlayır.
Üçüncü daha ağır mərhələdə irinli axıntı gəlir. Xəstə çox çətin nəfəs alır, hərarət ola bilər. Orta olaraq xəstəlik 10-12 gün davam edir. Daha sonra əlamətlər azalır, itir və sağalma ola bilər.
Amma çox zaman sağalma olmur, xroniki rinitə keçir. Xroniki rinit orqanizmdə bir neçə infeksiya ocağının yaranması səbəbindən olur: çəpər əyriliyi, poliplər və s. Əgər infeksion rinit vaxtında müalicə olunmasa kataral formaya keçir. Bu halda selikli qişa elə şişkin qalır, iybilmə hissi azalır.
Diaqnostikası
LOR həkim xəstəni müayinə edib, rinoskopiya aparır. Müalicə üçün damaryığıcı dərmanlar, antibakterial və antiseptik preparatlar seçilir. Antibiotik o halda təyin olunmalıdır ki, iltihabı bakteriyalar yaradır.
Hipertrofiki formalarda artıq cərrahi əməliyyat göstərişdir.
Əgər rinitin kökündə allergiya durursa, antihistamin preparatlar təyin olunur.
Ümumiyyətlə, burun boşluğunun rinit, hamorit, sinusit kimi xəstəliklərinə tutulmamaq üçün immun müdafiəni qaldırmaq və gücləndirmək lazımdır ki, immun hüceyrələri virus və bakteriyaları vaxtında zərərsizləşdirə bilsin. Eləcə də rinitli xəstələrlə təmasdan qaçmaq lazımdır. Çünki bakteriyalar digər insanlara da burun suyu, ağız suyu ilə keçə bilər.