Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada ən çox yayılmış ölüm səbəbi ürək və qan-damar xəstəlikləridir. Dünyasını dəyişən hər 10 nəfərdən 4-ü məhz qəfləti ölüm səbəbindən vəfat edir və onların da yarısından çoxunu orta yaşlı insanlar təşkil edir.
Düzdür, son illər onkoloji xəstələrin də sayında rekord artım var və belə davam edərsə, yaxın gələcəkdə bədxassəli şişlərin qurbanı olan insanların bu sahədə "liderliyi” ələ keçirəcək.
Medicina.az bildirir ki, AZXEBER.COM ürəyi qəfildən dayanan deputatlarla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, indiyə qədər 6 deputatın anidən ürəyi dayanıb ki, onlardan yalnız biri sağ qala bilib.
Milli Məclisin sədr müavini Zakir Zeynalov 2000-ci ildə 61 yaşında qəfləti ürək dayanması səbəbindən vəfat edib. Deyilənlərə görə, Z.Zeynalov ürək xəstəliyindən əziyyət çəksə də, vaxtaşırı müalicə olunurmuş. Bu səbəbdən onun həyatına ciddi təhlükə yox imiş. Hadisə baş verən gün sabiq vitse-spiker işə gəlib və bir saat sonra özünü pis hiss edib. Kəskin ürək ağrıları uzun çəkməyib və çox qısa müddət ərzində Zakir Zeynalov keçinib. Ötən il isə sabiq deputatın oğlu Adil Zeynalov nadir xəstəlik sayılan - "Mila displastik sindrom” səbəbindən vaxtsız vəfat edib.
Milli Məclisin deputatı, professor Şadman Hüseynov 2003-cü ildə 58 yaşında qəflətən vəfat edib. Onun da ölümünə ürək tutması səbəb olub. Ş.Hüseynov uzun müddət siyasi fəaliyyət göstərib, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərlərindən olub. 2003-cü ildə isə müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürüb. Elə namizəd olduğu dövrdə də qəflətən vəfat edib. Sonradan ailə üzvləri mətbuat konfransı keçirib və bildiriblər ki, Şadman Hüseynov yekunda seçki marafonundan geri çəkilməyi və öz namizədliyin İlham Əliyevin xeyrinə geri götürməyi nəzərdə tuturmuş.
Milli Məclisin deputatı, professor Şamil Qurbanov 2004-cü ildə 69 yaşında vəfat edib. O, deputat səlahiyətləri başa çatmağına bir il qalmış dünyasını dəyişib. Ş.Qurbanovun da ölümünə qəfləti ürək dayanması səbəb olub. Mərhum deputat ürək xəstəliyindən əziyyət çəkirmiş və bu hadisəyə qədər bir dəfə ürək infarktı keçiribmiş. Hadisə bütün ürək xəstələrində olduğu kimi, qəfildən baş verib və bir saatın içində sabiq deputat əbədi olaraq "gözlərini yumub”. Növbəti parlament seçkilərinə qədər onun deputat olduğu seçki dairəsində seçkilər keçirilməyib.
Milli Məclisin deputatı, "Bakılı oğlanlar” komandasının kapitanı Anar Məmmədxanov 2011-ci ildə 40 yaşında qəfləti ürək dayanması səbəbindən vəfat edib. Dostlarının dediyinə görə, hadisədən bir müddət əvvəl A.Məmmədxanov ümumi tibbi müayinədən keçib və onda ciddi qüsur aşkar edilməyib. Olay baş verən gün sabiq deputatın halı qəfildən pisləşib, ürəyində kəskin ağrı başlayıb və o, bir saat içində keçinib. II fəxri Xiyabanda dəfn edilən Anar Məmmədxanov eyni zamanda day.az portalının təsisçisi idi.
Milli Məclisin deputatı, professor Astan Şahverdiyev ötən ilin aprelində 71 yaşında vəfat edib. Qusar rayonunun Çiləgir kəndində dincələn A.Şahverdiyevin qəfilddən halı pisləşib. Deputat ürəyində kəskin ağrılar hiss edib və köməyə təcili tibbi yardım çağırılıb. Deyilənə görə, tibbi yardım gələnə qədər sabiq millət vəkili keçinib. Əslən Cəbrayıldan olan və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən deputat paytaxtda yerləşən "Qurd qapısı” qəbiristanlığında dəfn edilib. Hazırda onun seçildiyi dairədə təkrar seçkilər keçirilməyib.
Milli Məclisin deputatı Nəriman Əliyev ötən ilin yanvarında ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib və elə əməliyyatdan sonra da komaya düşüb. Deputat həmkarı, Dr. Rəşad Mahmudov tərəfindən nəzarət altına alınan N.Əliyevin ürəyinə üç yeni damar qoyulub. Sonradan qərara alınıb ki, Nəriman Əliyev süni nəfəs aparatından ayrılsın. Qərar kifayət qədər riskli olsa da, deputatın özünün sağlam olması, eyni zamanda uğurlu tibbi müdaxilə Nəriman Əliyevin bu mərhələni uğurla adlamasına səbəb olub.