Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Revmatizmin qarşısını almaq üçün nə etmək lazımdır - Həkimdən Açıqlama

  • 2022.12.13 16:08
  • 2194 Baxış
Revmatizmin qarşısını almaq üçün nə etmək lazımdır   - Həkimdən Açıqlama
“Əksər hallarda revmatizm ilkin olaraq oynaqların zədələnməsinə səbəb olur. Bu, əsasən diz, topuq, dirsək, çiyin, az hallarda mil-bilək oynaqlarında inkişaf edir”.

"Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova revmatizmdən danışıb.

- Revmatizm (revmatik qızdırma, Sokolski-Buyo xəstəliyi) - birləşdirici toxumaların iltihabı xəstəliyidir. Xəstəliyin klinik mənzərəsi mərhələsindən, formasından, prosesin kəskinliyindən, orqan və sistemlərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlifdir. Tədricən oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu, ürək-damar (miokardit, endokardit) və başqa orqan sistemlərinin zədələnməsi ilə özünü büruzə verir.

- Revmatizmin törədicisi A tipli β-hemolitik streptokokdur. Mikroorqanizm angina, faringit, kəskin respirator infeksiyalar, qızıl yel, skarlatina və s. kimi xəstəliklərə səbəb olur. Adətən revmatizmin klinikası bu xəstəliklərin kəskinləşməsindən 1-2 həftə sonra başlayır. İnsan orqanizminin immun sistemi infeksiyaya cavab reaksiyası olaraq xüsusi anticisimlər əmələ gətirir. Məlumdur ki, streptokokların ifraz etdiyi fermentlər ürək əzələsinə toksik təsir göstərir. Bundan əlavə, həmin fermentlər insan orqanizminin zülallarına bənzər bir quruluşa malikdirlər. Buna görə də əmələ gələn anticisimlər təkcə mikroblara deyil, həm də öz toxumalarına hücum etməyə başlayırlar.

Beləliklə də revmatik ürək xəstəliyi, artrit, glomerulonefrit inkişaf edir. Bu səbəblərdən revmatizm infeksion allergik xəstəlik hesab olunur. Bir çoxumuz angina ilə xəstə olmuşuq, lakin revmatizm insanların yalnız 1-3 faizində inkişaf edir. Buna bəzi amillər səbəb olur:

• streptokok infeksiyasının yanlış müalicəsi;

• genetik meyil;

• vitamin və mikroelementlərin çatışmazlığı;

• autoimmun xəstəliklərin olması (lupus, sklerodermiya və s.).

- Revmatizm daha çox hansı yaşlarda müşahidə edilir?

- Xəstəliyə əsasən uşaq və yeniyetmə yaşlarında (7-15 yaş) rast gəlinir. Birincili revmatizm yaşlı və qocalarda nadir hallarda rast gəlinir. Qadınlar kişilərə nisbətən 2,5-3 dəfə çox xəstələnirlər.


- Uşaqlarda revmatizm böyüklərə nisbətən daha şiddətli keçir. Əsasən revmokardit formasında rast gəlinir, uşaqlarda ürək qüsurları daha tez-tez və daha sürətli formalaşır. Poliartrit isə uşaqlar üçün çox xarakterik deyil. Digər ekstrakardial əlamətlər (halqavari səpgilər, dərialtı düyünlər, xoreya) nisbətən çox görülür. Lakin, böyüklərlə müqayisədə daha ağır gedişata baxmayaraq uşaqlarda xəstəlik dərman müalicəsinə daha yaxşı cavab verir, ağırlaşmaların qarşısını almaq mümkün olur.


- Revmatizm bir çox ciddi ağırlaşmalara səbəb olan bir xəstəlikdir. Əlbəttə ki, xəstəliyin inkişafının qarşısını almaq üçün profilaktik tədbirlər görmək daha məqsədəuyğundur.

Əsas profilaktik tədbirlərə aiddir:

• streptokok infeksiyalarının vaxtında müalicəsi;

• antibiotik terapiyasının tam kursunun aparılması (həkim məsləhəti olmadan antibiotikoterapiyanı dayandırmamaq);

• kəskin respirator infeksiyalı, anginalı, kəskin faringitli xəstələrlə təmasdan qaçmaq;

• immun sistemi gücləndirmək məqsədilə ümumi tədbirlər aparmaq (balanslaşdırılmış pəhriz, fiziki fəaliyyət, təmiz havada gəzinti).

Xəstəliyin əlamətləri varsa, dərhal həkimə müraciət olunmalı və bütün tövsiyələrə əməl edilməlidir.