M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gündə minlərlə insan müraciət edir. İcbari Tibbi Sığorta üzrə bütün ölkədən bura xəstələr göndəriş alır. Təkcə rentgen kabinetindən gündə yüz xəstə keçir.
Medicina.az xəbər verir ki, ötən ay planlı yoxlamalar zamanı xəstəxanada ciddi radiasiya dozası, rentgen kabinetinin standartlara cavab vermədiyi aşkar olunub.
Buna görə xəstəxananın yeni direktoru Elviz Qasımova protokolla xəbərdarlıq edilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdi. Lakin direktor bu müddət ərzində heç bir tədbir görməmiş və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin növbəti reydi zamanı qorxu saçan rentgen kabineti möhürlənərək bağlanmışdı.
Rentgen kabinetləri ona görə bağlanıb ki, izolyasiya tədbirləri görülməyib, aparatlar texniki standartdan çox şüalanma verir və kabinetə girən həkim də, xəstə də bir dəfə rentgen müayinəsi zamanı alacağı radioaktiv şüalanmadan qat-qat artıq şüaya məruz qalırdı. Kabinetdən radioasiya dəhliz və bütün mərtəbə, hətta həmin binaya təsir edirdi. Bu isə personal və xəstələr üçün ciddi təhlükə deməkdir.
Medicina.az -a daxil olan məlumata görə, rentgenin istismarının məhdudlaşdırılmasından 1 həftə sonra həmin kabinet yenidən açılıb. Aşkar olunan problemlər aradan qaldırılmayıb, şüalanma və təhlükə həddi olduğu kimi qalıb. Görünür, xəstəxana rəhbərliyi ən gəlirli və vacib diaqnostik vasitə olan rentgen kabinetini hər vasitə ilə işlətməyə qərar verib.
TƏBİB-dən məsələ ilə bağlı Medicina.az-a verilən açıqlamaya görə, həqiqətən rentgen kabineti açılıb, amma istifadəyə köhnə yox, yeni aparat verilib.
“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hazırda 1 KT və MRT istifadədədir. Xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunu nəzərə alaraq, sənəd problem olan rentgen avadanlıqları ilə bağlı Fövqəladə Hallar Nazirliyi arasında danışıqlar aparılıb, belə razılığa gəlinib ki, sənədlərin qaydaya salınması üçün əlavə vaxt verilsin. Əldə olunmuş razılığa əsasən rentgen avadanlıqları kabinetdə istifadəyə verilib. Əvvəldən istismarına qadağa qoyulmuş şüalanma ilə bağlı problemli köhnə avadanlıq istifadəyə verilməyib”.
Aygün Musayeva