Onlarla analiz və müayinədən keçirsiz, bir resept dolusu dərman alırsız, bəs rəsmi olaraq diaqnozunuz harda qeyd olunur?
Heç bununla maraqlanmısızmı?
Hər birimiz istər dövlət, istər özəl klinikalarda səhhətimizdəki problemlərə görə dəfələrlə həkim qəbulunda olub, müayinələrdən keçmişik. Əlimizdə çoxlu müayinə, rentgen kağızları, nəticələr və reseptlər var. Əgər indi reseptə baxa bilirsizsə baxın və ya yadınıza salın: hansı həkim nə vaxt reseptə diaqnozu olduğu kimi, tibbi termini ilə yazıb. Söhbət təbii ki, məxfiliyi qorunan xəstəliklərdən getmir. Tutaq ki, qarın ağrısı, soyuqdəymə, hər hansı daxili orqanlarda xəstəlik, öskürək və s. zamanı onlarla analiz və müayinədən keçirsiz, bir resept dərman alırsız, bəs rəsmi olaraq diaqnozunuz harda qeyd olunur? Heç bununla maraqlanmısızmı?
Medicina.az həkim-pasiyent münasibətinə və qanunvericiliyə görə qoyulan diaqnozun reseptə yazılıb-yazılmamasını araşdırıb. Bəzi reseptlərdə Diaqnoz qrafası var və bəzi həkimlər ora qeyd edir. Amma 99% hallarda o qrafa boş qalır. Həkim pasiyentə ola bilər dərdini başa salır, amma yazılı şəkildə onun rəsmi sənədi yoxdur.
Apardığımız araşdırmalara və şəxsi təcrübəmizə görə, özəl klinikalarda da mühüm cərrahi əməliyyatlar və stasionar müalicə istisna olmaqla, digər müayinələrdə pasiyentin ad-familyası sadəcə sistemə daxil olunur və müayinə xərcləri alınır. Qalan nə baş verirsə, həkimin kabinetində baş verir. Və həmin həkimin gün ərzində qəbul etdiyi xəstələrə nə kimi diaqnozlar qoyduğu sirr olaraq qalır. Çox adam xəstələyinin səbəbini soruşduqda isə həkim " iltihab, infeksiya, soyuqdəymə, mədə yarası, bronxların soyuqlayıb, virusdur” kimi ümumi sözlərlə kifayətlənir.
Mövzu barədə açıqlama aldığımız ekspert həkimlər mövqelərini qəti ortaya qoysa da, tibbi forumda verdiyimiz suala həkimlər müxtəlif fikir bildirdilər.
Əslinə qalanda reseptdə də diaqnoz olmalıdır.
Çünki aptekdə əczaçı yazılan dərmanları diaqnozla tutuşdurmalıdır ki, düzgün yazılıb, ya yox?
Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl qanunvericiliyə görə reseptdə diaqnozun yazılmasının vacibliyini vurğuladı:
" Bizim rəsmi resept blanklarında diaqnoz üçün qrafa var. Xəstəyə diaqnozu qeyd edilmiş imzalı rəsmi sənəd verilməlidir. Bundan əlavə həkim xəstəyə onun diaqnozunu aydın başa salmalıdır. Stasionarda xəstələr üçün epikriz yazılır. Ambulator müalicədə isə mütləq möhürlü blank, ya sənəd verilməlidir.
Açığı mən sevmirəm xəstənin diaqnozu haqqında bilgilər açıq-aşkar reseptdə görünsün, burda məxfilik pozulur, yad adamların əlinə bu informasiya düşə bilər. Bizim öz blankımız var, kompüterimdə hazır formadadır. Pasiyentin müayinə və diaqnozunu orda qeyd edirəm, bəzən buna tənbəllik etsəm də, vaxt çatdırmasam da edirəm..
Əslinə qalanda reseptdə də diaqnoz olmalıdır. Çünki aptekdə əzcaçı yazılan dərmanları diaqnozla tutuşdurmalıdır ki, düzgün yazılıb ya yox. Bu da o halda ola bilər ki, apteklərdən alınan dərmanlar dövlətin hesabına olsun. Amma indi insanlar öz puluna dərman alır deyə, bu kimi məsələlərə önəm verən yoxdur. İndi heç kimin marağında deyil kim harda nə yazıb. Belə deyək, xaotik vəziyyətdir. Bu mövzuda qanunvericilikdə çox bəndlər, şərtlər var, onların çoxu işlək deyil. İstənilən halda yazılı-şifahi, xəstə öz diaqnozunu həkimdən dəqiqliyi ilə tibbi adı ilə öyrənməlidir. Xəstənin statusundan, tibbi savadının olub-olmamasından, maraqlanmasından asılı olmayaraq həkimin borcudur ki, nəyi müalicə etdiyini desin”.
Əgər reseptdə diaqnoz yazılmayıbsa, imza, möhür yoxdursa, o zaman o boş kağızdan başqa bir şey deyil.
Onunla heç nə sübut edilə bilməz.
Tibb elmləri doktoru, professor, tibbi ekspert Adil Qeybulla reseptdə diaqnozun yazılmasının vacibliyini bildirdi:
" Bu, dünya müayinə-müalicə protokollarına görə təsbit olunur. Səhiyyə Nazirliyinin təsdiq etdiyi resept blankından bütün klinikalar və həkimlər istifadə edir və etməlidir. Resept blankı hüququ sənəddir, uniformadır. Və bu sənəddə qoyulan diaqnoz olduğu kimi, tibbi termini ilə qeyd olunmalıdır. Hər bir xəstənin öz diaqnozunu bilıməyə və onu yazılı şəkildə almağa haqqı var. Həkimin də borcudur ki, diaqnozu izah etsin.
Əgər reseptdə diaqnoz yazılmayıbsa, imza, möhür yoxdursa, o zaman o boş kağızdan başqa bir şey deyil. Onunla heç nə sübut edilə bilməz.
Həkimlər diaqnozu yazmaqdan, deməkdən imtina edə bilməz. Əgər müayinə planı düzgün qurulubsa, diaqnoz da düzgün tapılır. Öz müalicəsinə, diaqnozuna əmin olan həkim bundan çəkinməməlidir. Mən şəxsən diaqnozu yazılı da qeyd edirəm, xəstəyə şifahi məlumat da verirəm”.
Tibbi forumda verilən suallara isə müxtəlif həkimlər müxtəlif cür rəy bildirdi. Qeyd edək ki, bu həkimlərin əksəriyyəti özəl klinikalarda çalışır.
-Reseptdə diaqnoz yazılmamalıdır. Amma həkimin borcudur ki, xəstəyə diaqnozu desin. Xəstə bunu tələb edə bilər.
-Reseptdə diaqnoz qrafası yoxdur.
-Diaqnoz ambulator kartda yazılmalıdır. Bu daha çox dövlət xəstəxanaları və poliklinikalarda olur. 48 saat ərzində xəstə bu kartdan çıxarışı ala bilər.
-Bizdə xəstə haqqında məlumatlar kompüterdə onun üçün açılmış fayla qeyd olunur. Reseptdə yazmırıq. Xaricdə ümumiyyətlə resept xəstəyə verilmir. Elektron poçtla seçilmiş aptekə göndərilir.
Əgər bu qrafa varsa, həkimlər diaqnozu yazmırsa, deməli qanunlara əməl etmirlər,
ya da qoyduqları diaqnozun düzgünlüyünə əmin deyillər.
Azərbaycan Tibb Jurnalının baş redaktor müavini Fuad İslamzadə Sovet dövründə də reseptdə diaqnoz yazılmadığını bildirdi:
"İndi Səhiyyə Nazirliyinin resept blanklarının tələbinə görə xəstənin ad-familyasından başqa diaqnozu da yazılmalıdır. Əgər bu qrafa varsa, həkimlər diaqnozu yazmırsa, deməli qanunlara əməl etmirlər, ya da qoyduqları diaqnozun düzgünlüyünə əmin deyillər.
Sovet vaxtı reseptə diaqnoz yazılmırdı. Dövlət xəstəxanalarında stasionar xəstələr üçün epikriz, ampulator xəstələr üçünsə ambulator vərəqə açılırdı və bu indi də belədir. Poliklinikalarda da ambulator vərəqə olur. Hər hansı qeyri-tibb müəssisəsi xəstənin diaqnozu ilə maraqlanırsa, poliklinikalara rəsmi sorğu göndərir.
Özəl klinikalarda da hər halda əvəzedidi hesabat forması olmalıdır.
Ölüm riski yüksək olan xəstəliklərə münasibətdə sovet dövründə fərqli yanaşılırdı. Xəstəyə psixoloji zərbə vurmamaq üçün xərçəng diaqnozunu ondan gizlədirdilər. Qərb təbabətində isə bu diaqnozun xəstədən gizlədilməsi qəbul olunmur.
Amma mən yenə də o fikirdəyəm ki, bizim ölkə reallıqlarına görə, diaqnoz reseptdə yox, başqa bir hesabat formasında yazılsın. Çünki bizdə əczaçılardan və laboratoriya həkimlərindən tutmuş tibb bacısına kimi, hamı həkimin təyin etdiyi müalicəyə müdaxilə etməyə həvəslidir”.
Göründüyü kimi, reseptdə diaqnozun yazılması barədə fikirlər müxtəlifdir. Çox həkimlər hansı resept blankı ilə işlədiyini də bilmir, çünki orda diaqnoz üçün qrafa olduğunu bilir.
Əslində, bu vaxta qədər çox az həkimlərin reseptə diaqnoz yazdığını və ya diaqnoz yazılmış hansısa vərəqi xəstəyə verdiyinin şahidi olmuşuq. Ona görə də müalicə gedişində həkimin nə diaqnoz qoyduğu və nəyi müalicə etdiyi məlum olmur. Müalicə effekt vermədikdə rəsmi sənəd olmadığından heç nəyi sübut etmək olmur. Sadəcə sözlə diaqnoz deyən həkim, sabah asanlıqla öz sözünü inkar edə bilər. Ya xəstə düzgün başa düşməyib?
Bu məsələdə xəstələrdən maksimum diqqət və tələbkarlıq göstərməsi vacibdir. Yenə də xəstə həkimdən yazılı olaraq diaqnoz tələb etməyin yollarını düşünməlidir. Əgər həkim bu qədər analiz və müayinələrdən sonra diaqnozu demirsə, ümumi sözlərlə yan qaçırsa, ya gizli saxlayırsa, o zaman o həkimin yazdığı müalicəni qəbul etməmək haqqınız var. Naməlum diaqnoza görə yazılmış iynə-dərmanı qəbul etməklə xəstənin nə əldə edəcəyi də məlum deyil. Ona görə də həkim-pasiyent arasındakı inamsızlıq getdikcə dərinləşir və bu prosesin qarşısını elə bu kimi xırda detalları aydınlaşdırıb, qanunlara əməl etməklə almaq olar.
AYGÜN MUSAYEVA
MEDİCİNA.AZ