ABŞ alimləri Parkinson kimi nevroloji xəstəliklərlə mübarizədə rəqsin müalicəvi təsirini sübut etməyə nail olublar.
Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, rəqs beyində yeni sinir əlaqələri yaradır və beyindaxili sinxronizasiyanı bərpa edir.
ABŞ-ın Virciniya Texnologiya Universitetinin Beyin Laboratoriyasının mütəxəssisləri rəqsin nevroloji xəstəlikləri olan insanlar üçün nə üçün faydalı olduğunu öyrəniblər.
Məlumdur ki, Parkinson xəstəliyi ilk növbədə beynin motor nəzarəti və ritm emalından məsul olan bazal qanqliya bölgəsinə təsir göstərir.
Xəstələrin beyin fəaliyyətini araşdıran tədqiqatçılar rəqsin bu insanların beyinlərinin "ritmlərini yenidən tapmasına" kömək etdiyini aşkarlayıblar.
Parkinson və Alzheimer kimi nevroloji pozğunluqlar sinir yollarının çökməsinə səbəb olur. Bədənin koordinasiyalı şəkildə hərəkət etməsini tələb edən rəqs yeni sinir yolları yaradır və xəstəlik səbəbilə zəifləmiş ünsiyyəti artırır. Beləliklə, danışma və yerimə çətinlikləri ilə mübarizə aparmaq daha asan olur.
Mütəxəssislər deyirlər ki, rəqs beyindaxili sinxronizasiyanı təmin edir. Tədqiqatçılar rəqsin bu xüsusiyyətinin təkamül uyğunlaşması olduğuna inanırlar.
Rəqsin Parkinson xəstələrinə müsbət təsiri çoxdan məlumdur. ABŞ-da 20 ilə yaxındır ki, Parkinson xəstələri üçün fərdi dərslər təklif olunur. Alimlər həm bədən, həm də ruh sağlamlığı üçün rəqs etməyi tövsiyə edirlər.
Aysel