Bakıda 22 yaşlı gəncin qanında baş verən dəyişikliyin səbəbi valideynini və həkimləri təəccübləndirib.
Belə ki, 22 yaşlı oğlanın qanında trombositlərin sayı kəskin olaraq düşərək, sıfır olub. Bu isə qanın həddən artıq duru olub, qanaxma təhlükəsi deməkdir.
Qan institutunda ölümdən xilas edilən gəncin rəngli karandaşlardan zəhərləndiyi məlum olub. Talassemiya mərkəzində isə nəhayət ki, trombositləri normal saya qaldırmaq mümkün olub.
Belə ki, o, bir müddət idi rəsm karandaşlarının içini yeyirmiş və bunu valideynlərindən gizlədib.
Medicina.az -a açıqlama verən valideyni övladlarının başına gələn dəhşətli hadisəni anlatdı.
“Qəfildən uşağın bədənində göyərmələr, qansızmalar yarandı, sümükləri, oynaqları ağrıyırdı. Dərini səpki kimi nöqtələr örtdü.
Karandaş yediyini bilmirdik, sonradan anası evi təmizləyəndə divanın altından tapdı, içləri yox idi. Müxtəlif rəngdə karandaşlar idi. Bu uşaqlıqdan qəribə şeylər yeməyi xoşlayırdı: təbaşir, mel, şam. Rəngli şeylərə meyilli olub.
Deyirdilər nəyisə çatmır. Həkimə aparırdıq, müxtəlif vitaminlər, dəmir preparatları verilirdi”.
Oğlanın qanında trombositlər Talassemiya mərkəzində güclü dərman müalicələri ilə qaldırılıb. Lakin yenidən enmə var.
Çətinlikdə də olsa sağalmağa ümid var. Xəstə hazırda soyuq su, dondurma qəbul etmir, özünü soyuqdan gözləməlidir, hər yerə maska ilə gedir.