Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İndiyə qədər bu xəstələrin hamısı səhv müalicə olunub” - “Ürəkgetmələri olanlar əməliyyatla tam sağalır”

  • 2018.11.06 17:08
  • 27184 Baxış
“İndiyə qədər bu xəstələrin hamısı səhv müalicə olunub” -  “Ürəkgetmələri olanlar əməliyyatla tam sağalır”
Hər hansı ritm pozğunluğu, məsələn, taxikardiya diaqnozu qoyulduqdan sonra ürəyə invaziv yolla girib, o ocağı tapıb yandırırıq. Ondan sonra bayılma aradan qalxır, daha təkrarlanmır.

 

Aritmioloq, invaziv kardioloq İsmayıl Göyüşov Azərbaycanda fəaliyyət göstərən 2-3 aritmioloqdan biridir. Uzun müddət Türkiyədə, Almaniyada çalışıb. 


Medicina.az-ın əməkdaşı aritmioloq və aritmioloji əməliyyat icra edən tək-tük həkimlərdən olduğu üçün İ. Göyüşovla müsahibənin oxucular üçün də maraqlı ola biləcəyini nəzərə alaraq onunla söhbətləşib:


-İsmayıl həkim, biz bu vaxta kimi ürək xəstəlikləri ilə məşğul olan həkimin kardioloq olduğunu eşitmişik, görmüşük. Amma siz aritmioloqsuz. İşiniz ürəklə bağlıdır. Kimdir aritmoloq və nəyi müalicə edir?


-   Aritmiologiya kardiologiyanın ritm pozğunluğu xəstəliyinin diaqnostika və müalicəsi ilə məşğul olan bölməsidir. Son 30 ilə qədər tibbi müalicə, yəni dərman terapiyası ilə məşğul idilər. Amma artıq daha çox invaziv müdaxilə, yəni aritmiyanın cərrahi müalicəsi ilə də məşğuldur. Ürəyin içində müəyyən prosedurlar aparmaqla həm diaqnoz qoyuruq, həm də ordakı ocaqları təyin edib, yandırırıq.


-Bunu normal olaraq bir kardioloq edə bilməzmi?


-   Xeyr. Bu tamam başqa mövzudur. Demək olar ki, kardioloqların bilmədiyi sahədir. Bir kardioloq aritmiya ocaqlarını tam aradan qaldıra bilməz.


-Bəs axı bizdə aritmiyası - yəni ritm pozğunluğu olanları bu vaxta kimi kardioloqlar sağaldırdı...


-     Sağaldırdımı? Bu bir qədər dəqiq deyil. Ola bilər görürdülər ki, xəstədə aritmiyadır, ritm, nəbz pozulub, müəyyən qədər rahatlaşdırıcı dərman verərlər. Tam müalicə aritmioloqların işidir.  Xaricdə də belədir ki, aritmioloji problemi olan xəstə kardioloqa getsə də, onu aritmoloqa yönəldirlər. Çünki orda aritmioloqlar var.


-Aritmoloq kimi hansı xəstələri qəbul edib, hansı problemləri həll edir?


-   Ürək döyünmələri və bayılmaları olan xəstələri müalicə edirik. Çünki qəfildən xəstənin bayılması çox zaman ürəyə bağlı olur.  Hər hansı ritm pozğunluğu, məsələn, taxikardiya diaqnozu qoyulduqdan sonra ürəyə invaziv yolla girib, o ocağı tapıb yandırırıq. Ondan sonra bayılma aradan qalxır, daha təkrarlanmır. Ürək döyünmələri, ürəyi sanki quş kimi çırpınır, birdən-birə ürəyi atır dayanır, baş gicəllənmə, nəbz 150-ni keçir – bu tip simptomları olanlar  aritmioloqa müraciət etməlidirlər. 


-Niyə nəbz bu qədər vurur, ritm sürətlənir, ürəkdə nə baş verir?


-    Çox zaman bu problem doğuşdan olur, 20-40 yaşlarında özünü göstərir. Ürəyin bir hissəsində aktiv ocaq yaranır. Bu patoloji problemlərdən ritm pozğunluğu başlayır.  Diaqnoz qoymaq bir qədər çətinlik yaradır. Çünki xəstədə həftədə bir, ayda bir dəfə tutmalar ola bilər. Yəni xəstə adi normal halında gəlib EKQ çəkdirərsə, aritmiya görünməz.


Xəstənin tutma halında, bayılma vaxtı, ürək döyünmə vaxtı kardioqramma olunsa, aritmiyanı tutmaq olur. Təcili yardım həmin an kardioqram çəkərsə, dərhal görünür.


Əgər bu da mümkün olmasa, o zaman  xəstəyə Volter dediyimiz xüsusi cihaz taxırıq . Xəstə cihazı üzərində 10 gün gəzdirir, o zaman aritmiya halını qeydə ala bilirik. Bəzən o cihazla da tapa bilməsək, ürəyin içinə invaziv yolla girib ortaya çıxarırıq. Ayaqlardan, vena damarları ilə ürəyin sağ tərəfinə girib, ordan impulslar veririk, ocağı aşkarlayırıq. Belə deyək süni ürək ritmi yaradırıq. Elektrik sistemini yoxlamağa başlayırıq.

 

Güclü taxikardiyası olan insanlarda da bu üsulla diaqnoz qoyulur. Ürəyi xəritələyib, ocaqların yerini qeyd edirik.  Cihazlar, xüsusi borular vasitəsilə qasıq venasından girib həmin ocaqları yandırırıq.  Azərbaycanda belə cihazları olan 3 mərkəz var, biri də bizdədir. Beləliklə, ritmi artıran o yolları kəsmiş oluruq. Bu metodla xəstə ömürlük taxikardiyadan, bayılmadan xilas olur.

 

Çox zaman bu xəstəlik nevroz, panik atakla səhv salınır, xəstələr illərlə  psixiatr müalicəsi alır, antidepressant, psixotrop dərmanlar qəbul edir, amma sağalma baş vermir.


 

Həkimlər gəzir, heç kim heç nə tapmır, amma panik ataka bənzər tutmalar davam edir.


-Məncə Azərbaycanda aritmiyası olan xəstə çox olsa da, siz deyən metodlar elə də  geniş yayılmayıb. Yeni sahədir, yəqin xəstə də az olar.


-   Çox az adam bilir. Heç çox kardioloqlar da bilmir.  Amma bu əməliyyata faktiki ehtiyacı olan insanlar var. Məsələn, pilotlar, qatar sürücüləri, metroda işləyənlər, ciddi, təhlükəli peşələrdə çalışan insanlarda aritmiya, bayılma varsa, bu adamlar mütləq əməliyyat olmalıdır. Çünki Allah etməsin, iş vaxtı, sükan arxasında bayılma, tutma olarsa, ritm pozularsa, o sükanı buraxacaq. O zaman digər insanların həyatını da təhlükəyə atmış olur. Əməliyyat aritmiyanın növünə, ağırlıq dərəcəsinə görə də təyin olunur. Adam var evdədir, heç yerə çıxmır, zatən xəstədir, barışır aritmiyası ilə, heç əməliyyat istəmir.


-Aritmiyanın ölüm təhlükəsi var?


-   Daha çox mədəcik aritmiyalarında öldürücü olur. Xəstələr bayılar, ölə də bilər. Qulaqcıq aritmiyaları baş gicəllənmə, hərlənmə, bayılma, ürək bulanma ilə özünü göstərir. Ölüm hadisəsi burda daha azdır. Amma risk də çoxdur. Yolda getdiyi yerdə, pilləkəndə, hündürlükdə bayılaraq yıxılıb, başı harasa dəyib ölə bilər. Maşın sürərkən bayılırsa, qəzada ölə bilər. Hansı belə faktlar olub, görmüşük.


-Ürək tutmaları, sıxılma, döyünmə, çırpınma, ürək bulanma başqa xəstəliklərdə də olur. Bu xəstələr necə bilsin ki, onda aritmiyadır, ya başqa bir səbəb?


-    Əvvəlcə bu faktorları inkar etməliyik: anemiya, şəkər, zob. Ürəyin digər xəstəliklərində də belə ritm yüksəlməsi, simptomlar olur. Bunu təbii ki, inkar etmək lazımdır. Amma çox zaman bu xəstəlik nevroz, panik atakla səhv salınır, xəstələr illərlə  psixiatr müalicəsi alır, antidepressant, psixotrop dərmanlar qəbul edir, amma sağalma baş vermir. Həkimlər gəzir, heç kim heç nə tapmır, amma panik ataka bənzər tutmalar davam edir. Xəstələr ölüm qorxusu keçirir. Aritmiyanın özəlliyi də budur ki, onu tam anlamırlar, həkim belə bir şey anlamır. Xəstə də bu qorxu ilə psixologiyası pozularaq yaşayır. Amma yan xəstəliklər də, zob və stress yatmış ocağı oyada bilir.


Çox zaman tanış psixiatr və nevropatoloq kolleqalarımız bizə xəstə yönəldirlər, çünki dərmanlar təsir etmir. Antidepressantlar ürək döyüntüsünü müalicə etmir. Hətta bir çox kardioloqların bilmədən aritmiya xəstələri üçün yazdıqları ürək dərmanları aritmiyanı daha da artırır.  Bəzi antibiotik dərmanları və hormonal dərmanlar da aritmiyanı gücləndirir. 

 



-O zaman aritmioloq kardioloqdan daha çətin ixtisasdır, Bakıda da yəqin, mütəxəssis azdır?


-    Azərbaycanda 7-8 ildir bu sahə vardır. Aritmioloqlar isə azdır, 2 nəfərik. Bu sahə üzrə ixtisaslaşmaq da çətindir, öyrənmək üçün yerlər də azdır.  Azərbaycanda aritmioloqa hələ ki, tələbat da azdır. Çünki insanlar kardioloqa gedirlər. Müayinə və əməliyyatlar da maddiyata bağlıdır, aritmiyanın növünə görə dəyişir, ürək əməliyyatları kimi bahalıdır.  Xəstə seçimi də düzgün getmir. Aritmiya xəstələrini hələ ki, kardioloqlar götürür və səhv müalicə edirlər. Elə airtmiyalar var ki, dərman müalicəsi effektsizdir, boşuna xəstəyə dərman vermək də olmaz, yan təsirləri var. Airtmiya dərmana tabe olmursa, o zaman yandırma mütləqdir.


-Bu vaxta kimi xəstələrinizin müalicəsi zamanı qarşılaşdığınız maraqlı hadisələr barədə nə deyə bilərsiz?


-    Bir 33 yaşlı xəstəmiz var idi,  uşağı belə qucağına ala bilmir, ağır qaldıra bilmir, artıq heç bir şey etmək istəmir. Əməliyyat etdik. Əməliyyat zamanı soruşduq ki, niyə evlənməmisən. Pasiyent dedi ki, qorxuram, cinsi əlaqə zamanı da tutmalar olsun. Birdən o zaman da olsam, biabır olaram. Bu səbəbdən evlənmir, evdə də dərdini deyə bilmir. Artıq xəstəliyi onun psixologiyasına təsir edirdi. İnsan xəstəliyinin əsirinə çevrilmişdi. Əməliyyat oldu, daha qorxusu yoxdur, evlənəcək də. Bu xəstələrdə cəmiyyətdə biabır olmaq qorxusu da var. Elə xəstə var bir iki dəfə avtobusda, metroda krizlər tutub, artıq qorxur nəqliyyatda getməkdən. Dərdini də bilmir, çarəni də bilmir. Getdikcə evə qapılırlar.  Çox zaman psixiatrik problemlərin kökündə aritmiya durur.


Bir pasiyent qız gətirmişdilər- 17 yaşlı. Evdən çıxmırdı, heç kimlə görüşmür, gecələr yatmır, psixologiyası pozulub. Ancaq Hell içir, televizora baxır. Yemək də yemir. Valideynləri çox narahat olurdular. Ürəyində gizli qapaq problemi və aritmiya pozğunluğu aşkarladıq. Onu yandırdıq. Əgər energetik içki içərsə, təkrar qayıda bilər. Daha sonra psixoloq müalicəsinə göndərdik. Bu qızın da evə qapanmasına səbəb ritm pozğunluğu idi. Dəfələrlə yolda, avtobusda halı pisləşib, utanıb, və evə qapanıb, komplekslər yaranıb ki, küçəyə çıxacam, yenə yıxılacam, bayılacam. Aritmiyanı insan özü çağıra, yarada bilmir. Psixoloji deyil. Özü gəldisə gəlir. Sakitlləşdirmək üçün müəyyən dərmanlar var, amma effektivliyi azdır. 

 

Amederon dediyimiz dərman var – mədəcik ritm pozğunluqlarında, sistosniyalarda, eksistoniyalarda çox rahat yazırlar.


Bu dərmanlar zoba, qaraciyər, gözlərə, ağciyərlərə çox pis təsir edir. İnsanın digər orqanlarını nəzərə alan yoxdur sanki. 


-Aritmiyası olan insan idmanla, qaçışla məşğul ola bilərmi?


-   Aritmiyalarda həftədə 2 dəfədən artıq idman,  peşəkar idman növləri ilə məşğul olmaq olmaz. Xüsusən futbol, qaçış və s. Xəstəlik daha da ağırlaşa bilir. İdmana başlamazdan öncə ciddi müayinə olunub, aritmiya ocaqlarının olub-olmamasını bilmək lazımdır. Bu xəstəliklər cavanlaşıb. Artıq 30-35 yaşlı kişilər də risk altındadır.


-İsmayıl doktor, yanınıza çox vaxt öncədən kardioloq müalicəsi alan xəstələr gəlir. Onların qəbul etdikləri dərman reseptlərini görürsüz. Nə sizi təəccübləndirir, hansı yöndə səhvlər var, xəstələr düzgünmü müalicə olunur. Sizin təcrübəniz nə deyir?


-    Təbii ki, peşəkar həkimlərimizə, yaşlı nəslə hörmətimiz böyükdür. Amma çox zaman müalicə ilə məşğul olan kardioloqlar köhnə kitab və ədəbiyyatlarda olan müalicə sxemləri ilə gedirlər, bu da düzgün deyil. Məsələn, ürək üçün magnezium yazıb evə yollamaları, bəzən çox bəsit, bəzənsə həddən artıq ağır, aqressiv müalicələr yazmalarını görürük. Hansı ki, o xəstəlikdə mən o qədər yan təsiri olan, ağır dərmanlarla başlamazdım. Nə vadar edib ki, ilk dəfədən birdən bu qədər aqressiv metod seçilir? O dərmanlar insanın bütün orqanizmini, həyatını məhv edə bilər. Bir dəfə ağciyərə təsir etdisə, fibrozlar yarandısa, ömür boyu o insan xəstə olacaq.

 

Məsələn, Amederon dediyimiz dərman var – mədəcik ritm pozğunluqlarında, sistosniyalarda, eksistoniyalarda çox rahat yazırlar. Bu dərmanlar zoba, qaraciyər, gözlərə, ağciyərlərə çox pis təsir edir. İnsanın digər orqanlarını nəzərə alan yoxdur sanki. Bəzən isə bir ürək problemi 1 saatlıq əməliyyatla sağalırsa, xəstənin canı qurtaracaqsa, onu demir, belə ağır müalicələr yazır, xəstə illərlə dərmandan asılı vəziyyətə düşür. Tez, qısa müddət effekt görüm deyə, o dərmanları yazmağa dəyməz. Daha bəsit dərmanlar var, qısa yollar var. Əlaqəsiz dərmanlar da çox yazılır, bu da xəstənin başını qatmaqdan bir şey deyil.


Aygün Musayeva

Medicina.az

 


“İndiyə qədər bu xəstələrin hamısı səhv müalicə olunub” -  “Ürəkgetmələri olanlar əməliyyatla tam sağalır”
“İndiyə qədər bu xəstələrin hamısı səhv müalicə olunub” -  “Ürəkgetmələri olanlar əməliyyatla tam sağalır”
“İndiyə qədər bu xəstələrin hamısı səhv müalicə olunub” -  “Ürəkgetmələri olanlar əməliyyatla tam sağalır”